Abituriyentlərin əksəriyyəti fərdi müəllim - repetitor yanına gedərək universitetə hazırlaşır. Abituriyent universitetə hazırlaşdığını nəzərə alıb, qiymət yazdırmaq, dərslərdə iştirak etməmək üçün məcburiyyət qarşısında öz müəllimini seçməli olur.
Bu üzdən abituriyentlər 9-cu sinifdən etibarən köçkünlər üçün nəzərdə tutulan məktəblərə üz tuturlar. Ya da valideynlər övladlarının hazırlıqlara rahat gedə bilməsi üçün onların adlarını rayon yerlərində olan orta məktəblərə yazdırır. Bu minvalla şagird ayağını məktəb binasına qoymadan, dərslərdə iştirak etmədən attestat alır. Təbii ki, müəyyən "şirinlik" müqabilində. "Şirinlik" məbləği məktəbə və tapılan tanışa görə dəyişir. Hələ bir neçə il əvvəl 500-1000 manata başa gələn sövdələşmənin qiyməti bahalaşma fonunda 2500 manata qədər artırılıb. Məqsəd uşaqların repetitor yanına daha rahat getməsini təmin etməkdir.
Bu barədə jurnalist, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət öz facebook səhfəsində yazaraq qeyd edib ki, Bakı məktəblərində yuxarı sinif şagirdlərinin hazırlığa rahat gedə bilməsi üçün dərsdən qalmasının qarşılığında direktora illik 2 min 500 manat verilir: “Bakı məktəblərinin bəzi yuxarı sinif şagirdləri dərslərdən daha rahat yayınmaq üçün rayon məktəblərinə adlarını yazdırırlar. Bunu da elə-belə deyil, rüşvət qarşılığında edə bilirlər. Bu iş rayon məktəblərində daha ucuz başa gəlir. Bu səbəbdən də Bakıda yaşadığı halda uşağının adı hansısa heç tanımadığı rayonun yolunu bilmədiyi bir məktəbinin siyahısında gedir. Bax, bunu yoxlamaq çətin deyil".
Qeyd etdiyimiz kimi, şagirdlərin müəyyən vəsait qarşılığında dərsdən yayınması danılmaz faktdır.
Ekspertlər bildirir ki, valideynlər hazırlığa rahat gedə bilməsi üçün uşaqlarının adını həmin məktəbə yazdırır. Bunun da səbəbi məktəb təhsilinin valideynləri qane etməməsi, övladlarının sərbəst hazırlaşmasıdır.
“Bakı şəhərində təhsil alan şagirdlər respublikanın müxtəlif şəhər və rayonlarında adlarını məktəblərə yazdırırlar və…”
Təhsil eksperti Elçin Əfəndi bildirdi ki, bu kimi faktlar həddindən artıq çoxdur: "Məndə olan məlumata görə, məbləğ bəzi yerlərdə bundan da çoxdur. 2007-2008-ci illərdən bu proses başlayıb və 2014-2015-ci ildən isə daha çox yayılıb. Bakı şəhərində təhsil alan şagirdlər respublikanın müxtəlif şəhər və rayonlarında adlarını məktəblərə yazdırırlar və müvafiq olaraq da hazırlıq kurslarına üz tuturlar. Burada məktəbin direktoru qanunsuzluğa yol verir. 4440-dan çox orta məktəb var, onların 4400-də şagird ali məktəbə daxil olmaq üçün istədiyi təhsili ala bilmir. Əsas problem də buradan başlayır. Orta məktəblərdə dərslərin keyfiyyətini yaxşılaşdırsaq, o zaman şagird kənar hazırlıq kurslarına ehtiyac duymaz. Orta məktəblərdə ciddi islahatlara ehtiyac var”.
Günel CƏLİLOVA