Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsinə seçkilərin keçirilməməsi mətbuatda və elmi ictimaiyyətdə müəyyən söz-söhbətlərin yaranmasına gətirib çıxarır. Bəzən elə fikirlərə rast gəlirsən ki, təəccübünü gizlədə bilmirsən. Bu ilin fevral ayında akademik Ramiz Mehdiyevin AMEA prezidenti postundan rəsmən istefa verdiyi məlumdur.
Dörd aya yaxındır ki, bu hadisə baş verib, lakin hələ də akademiyanın prezidenti postu boşdur. Son günlər mətbuatda ilginc şayiələr dolaşmaqdadır. Mətbuatda Ramiz Mehdiyevin hələ də AMEA-da iş başında olduğu, istefa vermədiyi iddia edilir. Guya ki, o hələ də yerindədir. Buna səbəb kimi indiyəcən AMEA-da prezident seçkisi keçirilməməsi göstərilir. AMEA prezidenti seçkilərinin ləngiməsi, ümumiyyətlə keçirilməməsi bu iddiaları gücləndirir ki, Mehdiyev pərdə arxasından yenə də AMEA-nı idarə edir. Bəziləri daha irəliyə gedərək AMEA prezidenti postunun elmi deyil, siyasi vəzifə olduğunu önə çəkir, həmçinin burada Rusiyanın barmağı olduğunu da göstərməyə çalışırlar.
“Akademiyada siyasiləşmə prosesi hələ də davam edir”
AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı bizimlə söhbətində bildirdi ki, ümumiyyətlə akademiyada baş verənlər son zamanlar daha çox müzakirə edilir. “Mətbuatda gedən bu məlumatları izləyirəm. Birincisi, əvvəllər akademiyada güclü islahatlardan söhbət gedirdi. Yəni o zaman AMEA rəhbərliyində dəyişiklik baş verərkən islahatlar barədə siqnallar verilməyə başladı. Lakin hələ də qurumda heç bir islahat getməyib. Əgər islahat getməyəcəkdisə rəhbərliyin dəyişməsinə nə ehtiyac vardı?
Ramiz Mehdiyevin hələ də öz postunda qalıb qurumu idarə etdiyinə dair iddialara gəlincə, bunu ciddi qəbul etmirəm. Ramiz Mehdiyev akademikdir və istədiyi vaxt digər akademiklər kimi AMEA-ya gəlib-gedir. Uzun illər Azərbaycanda vəzifədə olduğu üçün hörməti də var. Yəni insanlarda belə bir psixologiya var ki, bir adam vəzifədən çıxdı qurtardı, Sovet dövründəki kimi onu silmək lazımdır. Bu cür yanaşma düzgün deyil, vəzifədən gedən adama da hörmətlə yanaşmaq lazımdır”.
M.Zülfüqarlı hesab edir ki, AMEA-nın prezidentinin olub-olmamasına baxmayaraq, burada çoxlu ciddi problemlər var, onlar yalnız islahatlar nəticəsində aradan qaldırılmalıdır. Professorun sözlərinə görə, akademiya universitetlərə inteqrasiya etməli idi, lakin tərsinə olaraq qurum magistraturaya qəbul elan etdi. “Bu prosesin indi qarşısı alınmasa bir də görəcəyik ki, AMEA bakalavr təhsili də verdi” - deyən M.Zülfüqarlı bildirdi ki, bu tamamilə səhv yanaşmalıdır. “AMEA-da hər şey donuq şəkildə qalıb, islahatlar getmir, rəhbərlikdə də heç bir dəyişiklik yoxdur. Yəni AMEA prezidenti postu boş olsa da, o biri vəzifələrdəkilərin çoxu yaşlılardır, bura yeni qüvvələr gəlməlidir. Yoxsa bir şəxsi çıxarıb o birini qoymaqla heç nəyə nail olmaq olmaz. Yəni köhnə maşına təzə sürücü qoymaqla maşının sürətini artırmaq mümkün deyil, ümumiyyətlə maşını, sistemi dəyişmək lazımdır. Bunu isə biz görmürük.
Akademiyanın siyasiləşməsinə gəldikdə isə, bu, Sovetdənqalma ənənədir. Bəli, akademiya, Yazıçılar Birliyi, Jurnalistlər Birliyi və sair hamısı Sovet dövründə siyasiləşmiş təşkilatlar idi və birbaşa rəhbərlik tərəfindən idarə olunurdu. Müasir dövrdə də belədir, seçkilərdə əlaqədar qurumların mövqeyi əsas götürülür. Akademiklərin seçilməsində də onların siyasi mövqeyi əsas götürülür. AMEA prezidenti də yuxarılarla razılaşdırıldıqdan sonra müəyyən edilib seçilir. Akademiyada siyasiləşmə prosesi hələ də davam edir. Yəni burada demokratik seçkidən danışmaq tezdir. Amma mənə elə gəlir müəyyən kriteriyalar var ki, prezident mütləq akademik olmalıdır, ona akademiklər özləri səs verməlidir. Bu müəyyən mənada müsbətdir ki, AMEA prezidenti birbaşa təyinatla deyil, seçki ilə seçilir”- deyə M.Zülfüqarlı qeyd etdi.
İradə SARIYEVA