Azərbaycanda 28 dövlət, 8 xüsusi təyinatlı, 15 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir. 2021-ci ilin dövlət büdcəsindən onlardan yalnız 6-na subsidiya ayrılıb. Belə ki, 6 ali məktəb 54,3 milyon manat subsidiya alıb. Subsidiya alan ali məktəblər bunlardır: ADA Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filyalı, Milli Aviasiya Akademiyası, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Bakı Dövlət Universiteti və Azərbaycan Tibb Universiteti.
Bir belə ali təhsil ocağını nəzərə alsaq büdcədən yalnız 6 universitetə subsidiyanın ayrılması ədalətlidirmi? 28 ali təhsil müəssisəsi olsuğu halda nəyə görə yalnız 6 ali məktəb subsidiya alır? Bəs yerdə qalan 22 universitet? Özəl ali məktəblərin subsidiyadan kənarda qalmasını hardasa anlamaq olar. Çünki dövlətin onlara yardım ayırması mütləq deyil. Ancaq dövlət ali məktəbləri arasında belə ayrıseçkilik ümumiyyətlə düzgün deyil. Niyə bir çox ali məktəblər subsidiyadan kənarda qalmalıdır? Təhsil Nazirliyi niyə bunu görməzdən gəlir?
“Təhsil Nazirliyinin bunu görməzdən gəlməsi təəssüf doğurur”
Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının fikrincə, belə bölgü tamamilə ədalətsizdir: “Açıq görünür ki, yalnız bir neçə ali məktəbin subsidiya alması subyektiv amillərdən irəli gəlir. Burada obyektiv yanaşmadan söhbət gedə bilməz. Əfsuslar olsun ki, dövlət univerisitetlərində pullu təhsil üstünlük təşkil edir. Dövlət ali məktəblərinin əksəriyyəti özünü maliyyələşdirməyə keçib. Universitetlərin çoxu əsasən pullu bölmələr hesabına maliyyələşirlər. Dövlət isə yalnız sifariş verdiyi yerlərin pulunu ödəyir. Bir məqamı da qeyd edim ki, dövlətin ödədiyi təhsil haqqı, ödənişli fakültədə oxuyan tələbənin verdiyi təhsil haqqından az olur. Ona görə də ali məktəblərə sərf edir ki, ödənişli ixtisasların faiz nisbəti yüksək olsun. Bütün bunlarla yanaşı, ayrılan subsidiyanın bərabər bölünməməsi doğru deyil. Təhsil Nazirliyin də bunu görməzdən gəlməsi təəssüf doğurur. Hesab edirəm ki, subsidiyanın ədalətsiz bölünməsində müxtəlif səbəblər olsa da, əsasən subyektiv amillər üstünlük təşkil edir. Universitetlərin tərkibinə fikir versək, onların kimlər tərəfindən idarə olunmasına baxsaq görərik ki, niyə belə hallar baş verir. Belə məlum olur ki, müəyyən universitetlərə daha çox qayğı var, digərlərinə isə göstərilən diqqət aşağıdır. O baxımdan hesab edirəm ki, universitetlərə münasibətdə bu ayrıseçkilik aradan qaldırılmalıdır və ali təhsil ocaqlarına eyni münasibət bəslənməlidir”.
Professor hesab edir ki, yalnız o halda subsidiyanın bölüşdürülməsi ədalətli olacaq.
Vidadi ORDAHALLI