Son illər Azərbaycanda fəaliyyət göstərən banklara olan ictimai etimad aşağı səviyyəyə düşüb. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Ən mühüm səbəblər müştəri məmnuniyyətinin sıfır səviyyəsinə düşməsi, naməlum əməliyyatlar, müxtəlif kampaniyalar adı altında xırda məbləğli tutulmalar, əmanət sığortası faizinin aşağı olması və sairlə bağlıdır.
Vətəndaş Elbariz Həsənov “Kapital Bank”a aid olan “Bir kart” kredit kartından şikayət edir. O qeyd edir ki, "Bir kart” üzrə toplanmış 734.83 manat borcunu onlayn olaraq ödəyərkən sistemdə xəta baş verib: “Belə olan halda, mən əməliyyatı təkrar etdim. Az sonra məlum oldu ki, 734.83 manat mənim balansımdan iki dəfə çıxıb. Dərhal bankın 196 “qaynar xətt”inə zəng etdim, artıq ödənilən məbləğin geri qaytarılmasını xahiş etdim. Baxdılar ki, bəli, doğrudan da artıq ödəmə olub və pulun geri qaytarılması üçün problemin olmadığını dedilər. Hətta mənə müraciət kodu da açdılar. "Hörmətli müştəri! Müraciətiniz qeydə alındı. Müraciət kodunuz: 745919. “Kapital Bank". Bu kodun verilməsinin üzərindən bir ay keçib, ancaq bu müddət ərzində bankın Qarayev filialına yaxınlaşmağıma və dəfələrlə 196-ya zəng etməyimə baxmayaraq, nəinki problem həll edildi, əksinə, bir az da dərinləşdi.
“...bu məbləğin hara itdiyini bank mütəxəssisləri araşdırıb tapa bilmədilər”
Məlum oldu ki, bank artıq ödənilən 734.83 manatdan 655.39 manatını mənim növbəti aylar üzrə taksit borcumdan çıxıb, yerdə qalan 79.44 manat isə ortada yoxdur. Bu məbləğin hara itdiyini isə bank mütəxəssisləri araşdırıb tapa bilmədilər. Hesab edirəm ki, bu cür sadə problemləri bankın həll edə bilməməsi onun nüfuzunu aşağı salır".
Qeyd edək ki, son zamanlar "Bir kart”dan bu tip şikayətlərin sayı artıb.
Mövzu ilə bağlı “Kapital Bank”la əlaqə saxlamağa çalışdıq. Lakin bankla danışmaq mümkün olmadı. Məsələni diqqətdə saxlayacağıq.
Günel CƏLİLOVA