Son aylar ərzində ölkədə fəaliyyət göstərən bir sıra təşkilat və müəssisələrdə əməkhaqlarının verilməməsi ilə bağlı şikayətlər səslənir. Bu mövzuda ən çox şikayət “Akkord” şirkəti ilə bağlıdır.
Belə ki, Qazax rayonu Ağköynək kənd sakini Əhməd Rafiz Əhməd oğlu “Akkord” şirkətinin də işçilərin əməkhaqqını “kəsdiyini” bildirir:
“...bunun səbəbini bizə doğru-dürüst izah etmirlər”
“Qazax su-kanalizasiya layihəsində çalışırıq. Artıq 4-cü aydır ki, bizə əməkhaqqı ödənilmir. Keçən ilin əvvəlində məcburi olaraq əmək müqaviləmizi ləğv edərək, bizimlə xidməti müqavilə bağladılar. Bu zaman “xidməti müqaviləyə keçsəniz, əməkhaqqınız daha yüksək olacaq” və digər vədlər verdilər. Amma indi 4-cü aydır ki, maaş verilmir, bunun səbəbini bizə doğru-dürüst izah etmirlər. “Gələn həftə, o biri həftə” deyərək, süründürməçilik edirlər. İnsanlar var ki, 2-3 aydır işdən çıxarılıblar, amma əməkhaqları ödənilmir”.
Şikayətçi onu da qeyd etdi ki, əməkhaqlarının verilməməsi işçilərin sosial durumunu ağırlaşdırıb: “Borc-xərclə yaşayırıq. Əməkhaqqını tələb edənləri işdən qovmaqla hədələyirlər. “Akkord” Şirkətlər Qrupunun icraçı direktoru bir dəfə də olsun işçilərlə görüş keçirərək əməkhaqlarının gecikdirilməsinin səbəblərini izah etməyib, məktub və ya bəyanat formasında işçilərə məlumat verməyib. Ötən ayın sonlarında icraçı direktorun müavini Anar Məmmədov isə əməkhaqlarının gecikmə səbəbini “Akkord” şirkətinin büdcəsinin bağlı olması ilə izah etdi”.
Şikayətçi onu da qeyd edir ki, “Akkord”un icra etdiyi digər layihələrdə çalışanların da əməkhaqlarının verilməməsi ilə bağlı məlumatlar var: “Ağstafa rayonunda Qazax su-kanalizasiya layihəsindən də böyük bir layihə - yol layihəsi icra olunur. Onlar da eynilə bizim durumdadırlar, əməkhaqlarını almırlar”.
Məsələ ilə bağlı “Akkord" şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, şirkətdən zənglərimizə cavab verən olmadı.
Günel CƏLİLOVA