Ombudsman Aparatı Aliment Fondunun yaradılması təklifi ilə çıxış edib. Mətbuatın verdiyi məlumata görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində bildirilib.
Qeyd olunub ki, uşağın saxlanması üçün məhkəmənin təyin etdiyi alimentin dövlət tərəfindən (sonradan borcludan məcburi qaydada alınması şərtilə) ödənilməsi üzrə mexanizm (Aliment Fondunun) yaradılmalıdır.
Göründüyü kimi, Ombudsman Aparatı Aliment Fondunun yaradılmasını dövlət büdcəsi hesabına həyata keçirmək istəyir.
Ekspertlər deyirlər ki, Ombudsman Aparatı dövlət vəsaiti hesabına özünə iş qurmaq əvəzinə, yaxşı olardı ki, yarandığı gündən indiyə qədər alimenti ödəməyən valideynlərə təzyiq göstərməyin bir hüquqi mexanizmini tapıb təklif edəydi və onun tətbiq edilməsinə nail olardı. O elə bir hüquqi mexanizm hazırlayıb təklif edə bilərdi ki, onun tətbiq edilməsi ilə aliment ödəməyən valideynlər alimenti ödəməyə məcbur edilsinlər, işsizdirlərsə, onlar işlə təmin olunsunlar. Ekspertlər hesab edirlər ki, Ombudsman Aparatı daha çox belə təkliflərlə çıxış etməli idi.
Sosioloqlardan birinin dediyinə görə, Aliment Fondunun yaradılması dövlət büdcəsi hesabına olacaq. Sosioloqun fikrincə, Aparat dövlətdən pul alıb fondu yaradacaq, oradan ehtiyacı olan uşaqlara vəsait ödəniləcək, aliment ödəməyən valideyn isə məsuliyyətdən yaxasını qurtarıb öz həyatını sürəcək, ortada göyə sovrulan isə dövlətin vəsaiti olacaq. Burada söhbətin dövlətin pulunu dağıtmaq, mənimsəmək məsələsindən getdiyini deyən sosioloqun sözlərinə görə, dövlətin pulunu talamaq çox “asan yol”dur, necə ki, biz bunu ayrı-ayrı nazirlik və dövlət qurumlarının timsalında görürük, amma problemin həlli üçün çətin, lakin vacib olan məsələni isə yarandığı gündən indiyə qədər Ombudsman Aparatı yerinə yetirə bilməyib, bir dənə də olsun dövlət üçün sərfəli olan mexanizm təklif etmədi, buna təşəbbüs göstərmədi.
“...məsuliyyətsiz valideynlər dövlət büdcəsi hesabına formalaşacaq bu fonddan sui-istifadə edəcəklər”
Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri, tanınmış sosioloq Əhməd Abasbəyli “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə, dövlət qurumları hər hansı bir fond, təşkilat yaradırsa, bunu dövlət büdcəsi hesabına etməməli, öz daxili imkanlarından istifadə edərək yaratmalıdırlar. Azərbaycanda bəzi dövlət qurumlarının dövlət büdcəsinə israfçı yanaşdığını, bütün problemləri dövlət hesabına həll etməkdə maraqlı olduğunu deyən Ə.Abasbəylinin sözlərinə görə, dövlətin vəsaitinə bu cür yanaşmaq olmaz. “Bütün məsələlərdə dövlətin büdcəsindən istifadə edilməsi düzgün deyil. İstənilən bir məsələnin həllinə nail olmaq istəyən təşkilatlar sonda gətirib bunu dövlət büdcəsi hesabına həyata keçirməyə çalışırlar. Bütün problemlərin həllini dövlətin üstünə atmaq olmaz. Eyni zamanda, aliment məsələsi həm Azərbaycanda, həm də bir sıra ölkələrdə çox dərin problemdir. Bilirsiniz, bu nə ilə bağlıdır? Birincisi, insanların mənəvi məsuliyyəti, mənəvi dəyərlərə hörməti azalıb. İkincisi, insanların bir çoxunun sosial vəziyyəti çox aşağıdır, onlar bir tərəfdən özlərinin yeni ailələrini dolandırmalı, eyni zamanda da əvvəlki ailəsindən olan uşaqlara aliment ödəməlidirlər. Bu da çox qəliz məsələdir. Sizə deyim ki, Azərbaycanda cəzaçəkmə müəssisələrində aliment ödəmədiyinə görə kifayət qədər cəza çəkən insan var. İnanırsınız, əslində, burada ən vacib olan məsələ aliment verməkdən yayınan insanların mənəvi-əxlaqi keyfiyyətlərinin yüksəldilməsidir. Çünki bir çox məsələni həbslə, cəza ilə, zorla həll etmək mümkün deyil. Mən bilirəm ki, bu məsələyə görə həbs edilən, cəzaçəkmə müəssisəsində olan və burada işləyən məhkumların əməkhaqqından aliment kimi ödənilir. Bunlar hamısı var, amma bunlar kifayət qədər deyil”.
Ə.Abasbəyli hesab edir ki, ombudsmanın dövlət büdcəsi hesabına yaratmaq istədiyi Aliment Fondu problemdən çıxış yolu deyil, problemin həlli üçün Aparat tərəfindən daha optimal layihələr hazırlanmalı və təqdim edilməlidir. Onun sözlərinə görə, Aliment Fondunun müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də yox deyil: “Aliment Fondunun müsbət tərəfi odur ki, alimentə ehtiyacı olan ailələr dövlət büdcəsindən ayrılan vəsait hesabına öz ehtiyaclarını ödəyəcəklər. Amma Aliment Fondunun yaradılmasının mənfi tərəfləri də var. Aliment Fondunun yaradılması aliment verməkdən imtina edən valideynlərdə bir arxayınçılıq yaradacaq ki, mən aliment vermirəm, çünki onu fond verəcək. Bu fondun yadadılması valideynlərdə ciddi bir arxayıncılıq, laqeydlik yarada bilər. İnsanlar müxtəlif bəhanələrlə aliment verməkdən imtina edəcəklər ki, onsuz da dövlət bu vəsaiti ödəyəcək, bu da dövlət pulundan sui-istifadə deməkdir. Ona görə də hesab edirəm ki, Alment Fondunun yaradılması problemdən çıxış yolu deyil. Dediyim kimi, fond yaranarsa, məsuliyyətsiz valideynlər dövlət büdcəsi hesabına formalaşacaq bu fonddan sui-istifadə edəcəklər, “işləmirəm, vəziyyətim ağırdır” kimi bəhanələrlə alimenti onların əvəzinə dövlətin ödəməsinə nail olmağa çalışacaqlar. İndiyə qədər Ombudsman Aparatı daha optimal təkliflər irəli sürməli idi ki, alimentin ödənilməsi məsələsi dövlət hesabına deyil, həmin valideynlərin öz hesabına baş tutsun. Bu illər ərzində elə mexanizmlər işlənilib hazırlanmalı idi ki, o insanlarda arxayınçılıq yaranmasın. Fikrimcə, indi mütəxəssislərin iştirakı ilə aliment ödənilməsinin yeni uyğun mexanizmləri hazırlanmalıdır ki, valideyn bunu ödəsin, yoxsa, bu problemin həllini də dövlətin üzərinə yükləmək qətiyyən yolverilməzdir” - deyə bildirən Ə.Abasbəyli bir daha vurğuladı ki, Aliment Fondunun müsbət tərəfi olsa da, mənfi tərəfləri daha çoxdur və burada birinci mənfi amil insanlarda məsuliyyətsizliyin artması, digər amil isə dövlət vəsaitinin xərclənməsidir.
İradə SARIYEVA