Bu gün torpaq sahələrindən istifadədə mövcud problemlərdən biri də odur ki, müəyyən hallarda torpaqlar təyinatı üzrə istismar olunmur. Halbuki, qanunvericilikdə qeyd olunur ki, torpaqların təyinatı üzrə istifadə edilməsi əsas şərtlərdən biridir.
İcarəyə verilmiş torpaqların məqsədli təyinatının dəyişdirilməsi isə Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur və icarə müqaviləsində əks etdirilir. İcarəyə verilmiş torpaqların başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər.
Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, son zamanlar kənd təsərrüfatı torpaqları təyinatı üzrə istifadə edilmir.
“Təyinatı yaşayış olmayan torpaqlarda bir çox halda qanunsuz yaşayış və qeyri-yaşayış obyektləri tikilir”
Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktor müavini Şamil Abdullayev bildirdi ki, təyinatı yaşayış olmayan torpaqlarda bir çox halda qanunsuz yaşayış və qeyri-yaşayış obyektləri tikilir, pay torpaqlarının kiçik hissələrə bölünərək satılması nəticəsində həmin torpaqlar əkin dövriyyəsindən çıxarılır, bundan başqa, dövlət müəssisə və təşkilatlarının istifadəsində olan torpaq sahələrinin səmərəsiz istifadə olunması, qanunsuz tikinti işlərinin aparılması halları da müşahidə olunur: “İcarəyə verilmiş yay və qış otlaqlarının istifadə olunmasında da bir sıra nöqsanlara yol verilir. Qeyd olunan otlaqların icarə müddətinin bitməsinə baxmayaraq, müqaviləsiz istifadə olunması, qanunvericilikdə nəzərdə tutulan müddətdən artıq icarəyə verilməsi həmin torpaqların səmərəsiz istifadəsinə şərait yaradır. Bu da dövlət büdcəsinə ödəniləcək vəsaitin yayınması ilə nəticələnir”.
Günel CƏLİLOVA