Qida Təhlükəsizliyi Agentliyi ilə qəssabların "1 manatlıq" davası…

Kamran Məmmədli: “Kəsilən heyvanın hər çəkisinə görə qəssabın 1 manat ödəniş etməsi düzgün deyil”

img

Son zamanlar ölkədə bir sıra məhsulların satış qiymətində bahalaşma müşahidə olunur. Bahalaşma dalğası getdikcə daha çox məhsulu əhatə edir.

Məlumdur ki, rayonlar da daxil olmaqla, ölkə ərazisində ətin qiymətində 1,5-2 manat artım var.

Ətin satış qiymətinin artmasının səbəbi isə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) verdiyi qərardır. Qeyd olunur ki, AQTA-nın tələbinə əsasən, qəssablar heyvanları yalnız agentliyin yaratdığı xüsusi məntəqələrdə kəsə bilərlər. Lakin bu zaman qəssablar hər kiloqram ətə görə 1 manat ödəniş etməlidirlər. Yəni 200 kiloqramlıq heyvana görə qəssab agentliyə 200 manat pul ödəməlidir. Bu isə ölkə ərazisində ətin qiymətinin qeyd olunan həddə bahalaşmasına gətirib çıxarır.

Bu qayda qəssabların da narazılığına səbəb olur. Onlar kəsilən heyvanın hər çəkisinə görə əlavə 1 manat ödəniş etməyi düzgün hesab etmirlər. Qəssabların fikrincə, bu qayda ətin satış qiymətinin artmasına səbəb olacaq. Təbii ki, ətin satış qiymətinin artması sosial durumu pisləşən əhalinin vəziyyətinə təsir edəcək.

  • ...qəssab həmin pulu geri qaytarmaq üçün məcbur olub ətin satış qiymətini artıracaq”

İqtisadçı Kamran Məmmədli hesab edir ki, kəsilən heyvanın hər çəkisinə görə qəssabın 1 manat ödəniş etməsi düzgün deyil: “Nəzərə almaq lazımdır ki, qəssablar 1-5 kiloqramlıq heyvan kəsmir ki, həmin çəkiyə görə ödəniş etmək ona rahat olsun. Məlumdur ki, qəssablar 20-200 kiloqramarası heyvan kəsirlər. Təbii ki, 200 kiloqramlıq heyvana görə qəssabın 200 manat ödəniş etməsi çətin olacaq. Qəssab həmin pulu geri qaytarmaq üçün məcbur olub ətin satış qiymətini artıracaq. Bu da sosial durumu ağır olan ailələrin büdcəsinə təsir edəcək. Bu səbəbdən də hər kiloqrama görə ödəniş tələb etmək düzgün deyil”.

Günel CƏLİLOVA

Son xəbərlər