04/04/2020 21:59
728 x 90

Azərbaycan dünyanın böyük 7-ləri ilə çoxölçülü strategiyaya başladı - İtaliya ilk ölkə...

Məhəmməd Əsədullazadə:“İtaliya Avroittifaqda öz siyasi çəkisi ilə Azərbaycanın maraqlarının qorunmasında dəstəyini əsirgəməyəcək”

img

“Bütün bunların ölkəmiz üçün əhəmiyyəti çox böyükdür”

Azərbaycanın dünyanın müxtəlif dövlətləri ilə qurduğu ikitərəfli əlaqələr, mehriban dostluq və əməkdaşlıq münasibətləri ildən-ilə genişlənərək məzmunca yeni keyfiyyət mərhələsinə qədəm qoyur. Diqqəti çəkən əsas reallıq odur ki, Azərbaycanın Cənubi Qafqazın lider dövləti olması bütün dünyada etiraf edilir. Prezident İlham Əliyevlə görüşən hər bir dövlət və hökumət başçısı, xarici ölkələrin parlament nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm verirlər. Çünki hər biri Azərbaycanın etibarlı tərəfdaş olduğunu, dünyada hökm sürən qlobal problemlərin həllinə böyük töhfələr verdiyini görür və qəbul edir. Bu isə ölkəmizin dünya birliyində böyük nüfuz qazanmasına əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri bunu bir daha təsdiqlədi. İki ölkə arasında münasibətlərin inkişaf dinamikası yüksəkdir və müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri daim genişlənir. Azərbaycanla İtaliya arasındakı yüksək siyasi dialoq həm indi, həm də gələcək illərdə əlaqələrin daha da şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edəcək. Hazırda ölkəmizdə çoxsaylı italyan şirkətləri fəaliyyət göstərir. Azərbaycanda müxtəlif sahələrdə 113 İtaliya şirkəti qeydiyyata alınıb. İtaliya şirkətləri Azərbaycanın xarici ölkələrdə həyata keçirdiyi layihələrdə, məsələn Cənub Qaz Dəhlizi layihəsində iştirak edir. Bu layihədə İtaliya şirkətlərinin 7 milyard avrodan çox payı var. Səfər zamanı iki ölkə arasında 17 müqavilə və “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” imzalandı. Bütövlükdə, İtaliya Avroittifaq miqyasında Azırbaycanın ən böyük siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Digər tərəfdən, İtaliya böyük 7-lərdən ilk və hələlik yeganə ölkədir ki, Azərbaycanla çoxölçülü strateji tərəfdaşklıq sənədi imzalayıb. Bu iki faktorun Azərbaycan üçün əhəmiyyəti nədir?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı:“İtaliya ilə Azərbaycan arasında sıx siyasi-iqtisadi əməkdaşlıq bu ölkələr arasında gələcək perspektiv baxımından çox önəmlidir. İki ölkə arasında əlaqələr daha dinamik mərhələyə keçəcək. Çünki İtaliya bundan sonra enerji və hərbi-texniki sahədə Azərbaycanla əlaqələrin inkişafı üçün yeni müqavilələrə imza atdı. Bu da yeni imkanlar açır. Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri iki dövlət arasında yeni siyasi-iqtisadi və hərbi-texniki mərhələnin başalanğıcıdır. Avropa İttifaqının üzvü kimi rəsmi Roma Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ədalətli mövqeyini bundan sonra da dəstəkləyəcək. Bununla bağlı siyasi dəstəyini əsirgəməyəcək. Həmçinin NATO çətiri altında hərbi-texniki əməkdaşlıqda yeni səhifə açılacaq. Bu ölkə ilə strateji əməkdaşlıq Avropanın digər ölkələrindən daha dərin tarixə malikdir. Bunu ölkə başçısı İlham Əliyev xüsusi qeyd edib. Hesab edirəm, İtaliya Avroittifaqda öz siyasi çəkisi ilə Azərbaycanın maraqlarının qorunmasında dəstəyini əsirgəməyəcək. TAP qaz kəmərinin çəkilməsində İtaliya Azərbaycana böyük dəstək verib. Bu onu göstərir ki, tərəflər hazırkı əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə qaldırılması istiqamətində bütün zəruri addımları atacaq. İmzalanan müqavilələr artıq Ermənistanda həyəcan yaradıb. Görünən odur ki, strateji əməkdaşlıq artıq iki ölkənin prioritet sahəsi olacaq. Bütün bunların ölkəmiz üçün əhəmiyyəti çox böyükdür”.

Vidadi ORDAHALLI

Son xəbərlər