18/09/2019 12:07
728 x 90

Oktyabrın 1-də Putin erməniləri indidən qurduqları plana görə məyus edə bilər

“Rusiya heç vaxt belə diletant addım atmaz”

img

Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 1-də İrəvana nəzərdə tutulan səfəri ilə bağlı erməni mediası fərqli mülahizələr irəli sürməyə başlayıb. Onlar iddia edirlər ki, Putinin Avrasiya İqtisadi İttifaqının sammitində iştirak etmək üçün İrəvana gəlişi çərçivəsində hazırda həbsdə saxlanan eks-prezident Robert Köçəryanla bağlı hansısa addımalr atıla bilər.

Bəllidir ki, Rusiya Köçəryanın həbsdə qalmasını istəmir. Hətta rəsmi səviyyədə belə buna etiraz edib. Lavrov “keçmiş rəhbərləri təqib etmək məqsədəuyğun deyil” məzmunlu bəyanat versə də, Paşinyan Köçəryanı hələ də həbsdə saxlayır. Köçəryanın ad gününü həbsxanada təbrik edən Putinin İrəvana gələn kimi Köçəryanla görüşmək istədiyi barədə erməni mətbuatı geniş müzakirələr açıb. Putin həbsxanaya gedib görüşəcək, yoxsa Köçəryan azadlığa buraxılacaq?  Bu xüsusda səslənən iddialar sırasında “Rusiya Prezidentinin İrəvana gəlişi Köçəryanın azad edilməsi ilə də nəticələnə bilər” kimi fikirlər də var. Hətta qeyd edilir ki, Köçəryan azad olunmasa, ola bilsin ki, Putin İrəvan səfərindən imtina etsin. Təbii ki, bütün bunlar ermənilərin özləri üçün qurduqları fərziyyələrdir. Bəs, əslində, vəziyyət necə ola bilər və səslənən iddiaların mümkünlüyü barədə ekspertlər nə düşünürlər?

  • Hatəm Cabbarlı: “Bu, daha çox Paşinyana qarşı müxalif sayılan Köçəryan tərəfdarlarının gündəmə gətirdiyi bir  dezinformasiya ola bilər”

Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə bildirdi ki, Putinin doğrudan da oktyabrın 1-də Ermənistana səfər edəcəyi gözlənir: “Ermənistanda hakimiyyətə yaxın olan media bu səfər barədə geniş məlumat verir və bu yöndə müxtəlif mülahizələr irəli sürülür.Həmin xəbərlərdə iddia olunur ki, iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik məsələləri ilə bağlı müzakirələrin aparılacağı gözlənir. Bəzi informasiya agentlikləri isə idda edirlər ki, guya Putinin səfəri zamanı onun həbsdə saxlanan Robert Köçəryanla görüşə biləcəyi ehtimalı da irəli sürülür. Bu xəbərin tirajlanması belə tragikomik hadisədir. Rusiya kimi bir dövlətin başçısının Ermənistanın özünə səfər etməsi belə böyük hadisə sayıla bilər. İndiyə kimi belə hadisə olmayıb ki, hansısa prezident rəsmi səfəri çərçivəsində gedib türmədə saxlanan hansısa şəxslə görüşsün. Özü də söhbət indiki rejimə qarşı müxalif olan şəxsdən gedirsə. Bu baxımdan da yayılan xəbəri ciddiyə almaq lazım deyil. Hətta Putinin belə niyyəti olarsa belə, bu, birbaşa Ermənistanın daxili siyasətinə müdaxilədir. Eyni zamanda, Ermənistanın hüququ sisteminin həqiqətən iflas etdiyini təsdiqləmiş olar. Rusiya ciddi dövlətdir. Belə hallarla bağlı necə davranmanın yollarını bilir. Heç vaxt əlavə söhbətlərin yaranmasına rəvac verməz. Rusiya öz adamlarını bu şəkildə pis vəziyyətə də qoymaz. Köçəryanın azad olunması, hətta hakimiyyətə gətirilməsi istiqamətində bütün mümkün variantlardan istifadə edə bilər. Ancaq heç vaxt belə diletant addım atmaz. Bu, daha çox Paşinyana qarşı müxalif sayılan Köçəryan tərəfdarlarının gündəmə gətirdiyi bir  dezinformasiya ola bilər. Putinin gəlişinə kimi Köçəryanın azadlığa çıxa bilmə perspektivi də yoxdur. Hətta bu mümkün olsa belə, yenə də Putinin onunla görüşə biləcəyi inandırıcı sayılmır. Çünki ölkə başçılarının rəsmi səfərləri daha çox protokol xarakterli olur”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər