Ermənistanda baş verən hadisələrin arxasında duran əsas məqamlardan birinin geosiyasi amillərlə bağlı olması artıq heç kimə sirr deyil. Belə görürür ki, Ermənistanda Qərb və Rusiyanın açıq qarşıdurması gedir və bu hal Dağlıq Qarabağ münaqişəsinin gedişinə də təsirsiz ötüşməyəcək. Artıq qeyd olunan xüsusda müəyyən xəbərdarlıqlar da gəlir.
Hadisələrin gedişi, yayılan məlumatlardan isə belə bəlli olur ki, Ermənistanda mövcud hakimiyyətin qalmasında Rusiya artıq konkret maraqlı tərəf kimi çıxış edir. Məlumatlar da səslənir ki, məhz Rusiyadan gələn göstəriş əsasında “xalqın namizədi” adlandırılan Nikol Paşinyanın mayın 1-də baş nazir seçilməsi mümkün olmayıb. Qeyd edək ki, həmin gün Ermənistan parlamentində keçirilən seçki zamanı Paşinyanın lehinə 45, əleyhinə isə 56 deputat səs verib. Hakim Respublika Partiyası Paşinyanı dəstəkləməkdən imtina edib. Moskvanın sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyana stavka etməsi barədə də məlumatlar var. Məhz bu fonda indi Rusiya rəsmiləri yeni etiraz aksiyaları ilə Ermənistanı iflic vəziyyətinə salan Nikol Paşinyana qarşı çıxış edir.
Xatırladaq ki, hakim düşərgənin Nikol Paşinyanın baş nazir seçilməsini əngəlləməsindən sonra yenidən başlayan etiraz hərəkatı ölkənin əsas nəqliyyat kommunikasiyalarını iflic edib. Paşinyanın tərəfdarları İrəvanda metro stansiyalarına giriş-çıxışı, ölkənin əsas avtomobil yollarını bağlayıblar. Gümrü-İrəvan, İrəvan-Sevan avtomobil şosseləri, Ermənistan-Gürcüstan magistralının bir hissəsi bağlıdır. Hava limanı da fəaliyyətini dayandırıb. “Zvartnos” beynəlxalq aeroportunun əməkdaşları da etiraz aksiyasına qoşulub. Bir sıra dövlət idarələrinin binalarına, xüsusi halda Ədliyyə, Mədəniyyətvə Təhsil nazirliklərinə giriş bağlanıb.Ölkənin bəzi şəhərlərində rəsmi qurumlar müxaliflər tərəfindən ələ keçirilib. Amma Pusiyadan dəstək alan hakimiyyət hələ ki, təslim olmağı düşünmür. Yuxarıda qeyd olunduğu kimi, Rusiya rəsmiləri də Paşinyanın əleyhiən açıqlamalar verir.
Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini Vladimir Cabarov qeyd edir ki, Paşinyanın çağırış etdiyi kimi Ermənistandakı siyasi böhranın güc yolu ilə həll variantı yolverilməzdir və baş nazir seçkilərinin legitimliyini sual altında qoyacaq. Bu zaman ölkəni daxili, o cümlədən də xarici siyasət sahəsində çox ağır nəticələr gözləyəcək: “Bu cür yolla hakimiyyətə gəlmək olmaz, çünki bu zaman həmin baş nazirin legitimliyi şübhə yaradacaq. Paşinyanın itaətsizlik aksiyasına çağırışı, həyati əhəmiyyətli arteriyaları bloklamaq barədə göstərişindən sonra liderin tərəfdarları ilə polis arasında qarşıdurma ehtimalı çox güclənir”. Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski isə bildirir ki, Ermənistanda hakimiyyət dəyişikliyi ağrılı nəticələrə gətirib çıxara bilər: “Ermənistanda hakimiyyət dəyişikliyinə sevinmək hələ çox tezdir. Xalq Ermənistanın növbəti liderlərinin dövlət və onun vətəndaşlarına nə qədər sadiq olacağı ilə bağlı zəmanət əldə edə bilmir. Dəyişiklik hakimiyyətə daha pislərin gəlməyəcəyinə də təminat vermir”. Bundan başqa məlumdur ki, Robert Köçəryan və Serj Sarkisyan Ermənistanı təcili tərk edib. “Jamanak” qəzeti eks-prezidentlərin Moskvaya getdiklərini bildirib. Onların Rusiya hakimiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub. Nikol Paşinyan isə bildirib ki, Robert Köçəryanın və Serj Sarkisyanın Ermənistandakı hadisələrə müdaxiləsi inqilab dalğasını artıracaq.
Bu vəziyyətdə Ermənistanın “Mediamaks” informasiya agentliyinin direktoru Ara Tadevosyanın Rusiya prezidenti Vladimir Putinə ölkəsində baş verən son hadisələrlə bağlı açıq məktubu da xüsusi müzakirə mövzusuna çevrilib. Çünki burada Ara Tadevosyan Putini indiki erməni hakimiyyətini dəstəkləməyə son qoymağa çağırır: “Bildiyiniz kimi, Ermənistan Respublika partiyasının lideri aprelin 23-də baş nazir postundan istefa verdi, bir neçə gün sonra isə partiya bildirdi ki, yeni lider axtarışındadır. Partiya sədrinin müavini, hazırda baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyan partiyaya rəhbərlik etmir. Bunu partiyanın onu baş nazir postuna namizəd irəli sürməməsi də təsdiqlədi. Mayın 1-də Ermənistan parlamentində Nikol Paşinyanın baş nazir postuna namizədliyi barədə saatlarla müzakirə getdi. Bundan bir gün əvvəl şifahi razılıq əldə olunmuşdu ki, Respublika Partiyası onun seçilməsinə mane olmayacaq. Lakin mayın 1-də Respublika Partiyasının nümayəndələri çıxışlarında bildirdilər ki, Paşinyanın seçilməsi qəti şəkildə yolverilməzdir. Və bunu Sizin rəhbərlik etdiyiniz ölkəyə birbaşa və dolayısı eyhamla dedilər. Bilmirəm onlar bunu öz təşəbbüsləri ilə etdilər, yoxsa Sizdən və köməkçilərinizdən “məsləhət” aldılar. İstənilən halda, bununla razılaşsanız da, razılaşmasanız da Respublika Partiyasının lideri rolunda Siz çıxış edirsiniz.
Bir halda ki belədir, gəlin düzünü danışaq və etiraf edək ki, Siz Respublika Partiyasının lideri Serj Sarkisyana heç vaxt etibar etməmisiniz. Sizin münasibətlərinizdə ilk çat 2008-ci ilin avqust müharibəsindən bir neçə ay sonra onun Gürcüstan prezidenti Mixeil Saakaşviliyə Şərəf Ordeni verməsindən sonra yarandı. Bu haqda çoxları bilirdi, amma açıq danışmırdı. Onu da danışmırdı ki, həmin ordenə görə Serj Sarkisyan sizinlə görüşə çox çətinliklə nail olmuşdu, Novo-Oqaryovo iqamətgahında saatlarla gözləmişdi ki, Siz onu axşamdan xeyli keçmiş qəbul edəsiniz. Sonra məlum əhvalat baş verdi- Serj Sarkisyan bir gündə qəfil fikrindən dönüb, Ermənistanın Avropa İttifaqı ilə Assosiasiya sazişindən imtina edib qəfildən Avrasiya İttifaqına üzv olmaq qərarı verdi.
İnanın ki, mayın 1-də parlamentdə müzakirələrdən sonra Rusiya-Ermənistan münasibətlərinin möhkəmlənməsinin səmimi tərəfdarlarının sayı artmadı, əksinə, azaldı. Əvəzində Rusiyanın 2016-cı ilin aprelində öz hava-kosmik qoşunları ilə Azərbaycanın Qarabağda hücuma hazırlaşdığından xəbərdar olduğuna inananların sayı artdı. Respublika Partiyası indiki vəziyyətində yaşamaq qabiliyyətini itirib, hətta siz də ona yeni nəfəs verə bilməzsiniz. Bunu ancaq partiya özü edə bilər: səhvləri etiraf edib təhlil etməklə, yeni lider seçməklə və sıfırdan başlamaqla. Sizin Rusiya və qlobal miqyasda o qədər qayğılarınız var ki, boş yerə vaxtınızı Respublika Partiyasına görə itirməyin.
Hörmətli Vladimir Vladimiroviç,
Tanışlarımdan biri nə vaxtsa belə maraqlı fraza demişdi ki, “ermənilər yəqin dünyada rusları irrasional şəkildə sevən yeganə xalqdır”. Gəlin münasibətlərimizdə bu notu saxlamaq üçün çalışaq”. Amma görünən budur ki, Ermənistanda aksiyalara rəğmən, Rusiya burada hakimiyyətin Paşinyanın əlinə keçməsinə razılıq vermək niyyətində deyil. Paşinyan isə bu durumda daha çox Qərbə meyllənərək, ondan aldığı dəstəklə hakimiyyətə gəlməyə ümid edir. Rusiyalı politoloq Yevgeni Satanovski belə vəziyyətdə Ermənistanda Qərb-Rusiya qarşıdurmasının daha da kəskinləşəcəyini vurğulayır: “Ermənistanda vəziyyət böyük müharibəyə doğru gedir və ABŞ-ın əsas məqsədi Gümrüdəki Rusiya bazasının məhv edilməsidir”.Y.Satanovski qeyd edib ki, Ermənistandakı hadisələrin nə ilə nəticələnəcəyini demək çətindir: “Lakin ABŞ-ın Ermənistandakı hədəfi məlumdur. Amerikalılar proseslərin nəticəsində Gümrüdəki Rusiya bazasını sıradan çıxarmaq və Moskvaya ağır zərbə vurmağı planlaşdırır”. Rusiyalı politoloq Vaşinqtonun Dağlıq Qarabağda da müharibənin başlanması ssenarisi üzərində düşündüyünü iddia edib: “Bu münaqişə yeni dalğa ilə partlayacaqsa, onun nəticələri daha ağır və uzunmüddətli olacaq”.
Yaranmış vəziyyətdə ABŞ və Rusiyanın Ermənistanda qarşıdurmasının daha da gərginləşməsi gözlənir. Hadisələrin dəqiq axarı isə mayın 8-dən sonra bəlli olacaq. Çünki qanuna əsasən, bir həftə sonra parlament yenidən baş naziri seçməyə çalışacaq, əks təqdirdə parlament avtomatik buraxılacaq. Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyasının mətbuat katibi Tiqran Avinyan bildirib ki, Paşinyanın baş nazir postuna namizədliyini yenidən irəli sürəcəklər: “Bİz mütləq Nikol Paşinyanın baş nazir postuna namizədliyini yenidən irəli sürəcəyik. Düşünürəm ki, xalq hərəkatı artıq uğura nail olub, sadəcə, bu nailiyyəti bir həftədən sonra hüquqi olaraq təsdiqləmək gərəkdir”. Nikol Paşinyan özü isə bildirib: “Biz istənilən ssenariyə hazırıq. 8 mayda parlamentdə keçiriləcək baş nazir seçkilərində iştirak edəcəyəm. Artıq Ermənistan parlamentində nə baş verdiyi vacib deyil. Vacib olan küçələrdə baş verənlərdir. Xalq və hakimiyyət arasındakı münasibətlər əvvəlki vəziyyətdə olmayacaq”. Hesab edilir ki, Qərbdən dəstək alan Paşinyan mayın 8-ə kimi etiraz aksiyaları vasitəsilə hakimiyyətə təzyiqləri gücləndirəcək. Amma o vaxta qədər Rusiyanın da Ermənistanda hakimiyyəti saxlamaq üçün müəyyən addımlar atması gözləniləndir. Bu vəziyyətdə isə, qeyd olunduğu kimi, Qarabağda savaşın yenidən başladılması da mümkündür. Çünki Qarabağ məsələsi Ermənistanın daxili ictimai-siyasi həyatına əsas təsir vasitələrindən biri sayılır. Amma o da faktdır ki, yeni savaş Ermənistanın böyük məğlubiyyəti ilə nəticələnəcək. Rusiyalı ekspert Andrey Frolov bunu Azərbaycan ordusunun gücü ilə izah edir: “Azərbaycan son 10 ildə hərbi potensial baxımından Ermənistanla öz arasında xeyli fərq yaradıb. Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Azərbaycan ordusunun inkişafına kifayət qədər ciddi vəsait ayırmağa sövq edir. Silahlı Qüvvələrini yeniləmə tempi baxımından Azərbaycan son illərdə MDB-nin aparıcı ölkələrindən birinə çevrilib. Azərbaycan həm Rusiyadan, həm də başqa ölkələrdən bahalı, ciddi, yaxşı xarakteristikalara malik silah sistemləri alır”.
Ekspertin sözlərinə görə, bu gün Ermənistanın Azərbaycanın texnoloji inkişafına təkbaşına cavab vermək imkanı yoxdur: “Ermənistanın son satınalmalarının hamısı Rusiyanın verdiyi kredit hesabına başa gəlib. Bu gün Azərbaycan “az qanla, güclü zərbə ilə” Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün “yumruğunu gücləndirir”. Say, texnoloji və əlbəttə ki, inteqral baxımdan Azərbaycan ordusu Ermənistan ordusundan üstündür”. Bunlar isə münaqişənin gedişinə təsir göstərən əsas amillərdən sayılır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.