Vüqar Rəhimzadə: “Hərbi vəziyyət haqqında” Qanuna belə əlavələrin edilməsi məqsədəuyğundur”
Məlum olduğu kimi, Milli Məclisin hərbi vəziyyət rejiminin tətbiq edilməsi halında məsuliyyətlərin müəyyən edilməsi ilə bağlı qanunvericilik dəyişiklikləri müzakirəyə çıxarılıb. “Hərbi vəziyyət haqqında” Qanunun tələblərinə əsasən, bir neçə qanunverici aktda dəyişiklik edilib. Belə ki, “Hərbi vəziyyət haqqında” Qanunun tətbiqi ilə əlaqədar 16 qanuna dəyişiklik edilib. Dəyişikliklərin əsas məqsədi “Hərbi vəziyyət haqqında” Qanunun tətbiqi ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsidir.
Məsələn, İnzibati Xətalar Məcəlləsinə hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə məsuliyyət nəzərdə tutan yeni maddələr və cərimələr əlavə olunur. Cinayət Məcəlləsinə edilən dəyişiklikdə isə cinayətin fövqəladə vəziyyət, təbii və ya digər ictimai fəlakət şəraitində, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi cəzanı ağırlaşdıran hal kimi göstərilib. Əmək Məcəlləsində “Hərbi vəziyyət dövründə səfərbərlik planlarına uyğun olaraq, əmək məzuniyyəti başqa vaxta keçirilə bilər” məzmununda əlavə nəzərdə tutulub.
Miqrasiya Məcəlləsinə təklif olunan düzəlişə görə, hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” Qanuna əsasən, vətəndaşların ölkədən getməsi və ölkəyə gəlməsi üçün xüsusi qaydalar tətbiq edilə bilər. Bu hal əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də aid edilir.
“Siyasi partiyalar haqqında” Qanuna əlavə edilən 16.4-1-ci maddədə bildirilir ki, hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyaların fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət başa çatanadək dayandırıla bilər.
Ümumilikdə, “Hərbi vəziyyət haqqında” Qanuna edilən dəyişiklikləri ekspertlər necə şərh edirlər?
Məsələyə münasibət bildirən sabiq millət vəkili, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qanunvericiliyə edilən dəyişikliklərə müsbət prizmadan yanaşdı. O bunu bir sıra arqumentlərlə əsaslandırdı: “Məsələ ondadır ki, istənilən qanun yarandıqdan sonra dövr, zaman keçdikcə, təkmilləşdirmə işlərinə ehtiyac duyulur. Bu təkcə daxili qanunlarla bağlı olan məsələ deyil. Bəzən beynəlxalq konvensiyalarla bağlı yeniliklərin edilməsinə zərurət yaranır. Nəticədə bir sıra yeniliklərin edilməsinə qərar verilir. Ümumilikdə, düşünürəm ki, qanunlara əlavə və dəyişikliklərin olunması doğru yanaşmadır. O cümlədən, “Hərbi vəziyyət haqqında” Qanuna da belə əlavələrin edilməsi məqsədəuyğundur. Eyni zamanda, belə addımın atılması zərurətdir və lazımlıdır. Hesab edirəm ki, bu dəyişikliklər, ümumilikdə, həm ordunun, həm cəmiyyətin maraqlarına uyğundur. Qanunvericilik prizmasından baxanda, yanaşanda hesab edirəm ki, bu daha yüksək dəyərə malik olduğunu özündə ehtiva edir. Ona görə də bunu yüksək qiymətləndirirəm və hesab edirəm ki, sözügedən dəyişikliklərin edilməsi doğru addımdır. Bunlar müasir dövrün, zamanın tələbidir. Belə qanunlara əlavə və dəyişikliklərin edilməsinə zərurət var. Ona görə də bütün bunlara çox normal yanaşıram. Hesab edirəm ki, bütün bunların müsbət effekti özünü göstərəcək”.
Vidadi ORDAHALLI