Azər Allahverənov: “Sözügedən proqramlar üzrə dəhlizlərin tam gücü ilə işə salınması böyük iqtisadi dividendlər vəd edir”
Azərbaycan tarixən qədim İpək Yolunun keçdiyi, ən uzaq dövlətləri birləşdirən ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkan olub. Qloballaşan dünyanın yeni geoiqtisadi çağırışları kontekstində ölkənin bu sahədə sözügedən tarixi rolu daha da artacaq. Çünki bütün bunlar strateji əhəmiyyət kəsb edir və get-gedə daha qabarıq formada özünü göstərir.
Məsələ ondadır ki, Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilən Azərbaycan həm də yeni təşəbbüslərin müəllifidir. Bunun nəticəsidir ki, nəqliyyat qovşağı olaraq Azərbaycanın rolu artır. Geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə də etibarlı təminat verir. O üzdən, Azərbaycana olan diqqət və maraq artır.
Təsadüfi deyil ki, İran prezidenti Həsən Ruhani iqtisadiyyat naziri Şahin Mustafayevlə Tehranda görüşü zamanı deyib ki, Azərbaycan və İran Asiya və Afrika ilə Avropanı birləşdirən əsas marşrut ola bilər. Prezident bildirib ki, tərəflər artıq tranzit nəqliyyat sahəsində əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atıblar.
İki ölkə arasında mövcud əməkdaşlıqdan danışan H.Ruhani qeyd edib ki, tərəflər əczaçılıq və avtomobil sənayesi, kənd təsərrüfatı və turizm sahəsində güclü əlaqələr qurublar. İran prezidenti, həmçinin, iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiya çərçivəsində iki ölkənin səfirləri və rəsmiləri tərəfindən göstərilən səyləri yüksək qiymətləndirib.
Bütövlükdə, Azərbaycan və İran Asiya və Afrika ilə Avropanı birləşdirən əsas marşrut ola bilərmi? Bunun perspektivi nə dərəcədə realdır?
Məsələyə münasibət bildirən eksperet Azər Allahverənovun sözlərinə görə, bu ideyanın yetərincə əsası var: “Faktiki olaraq bu gün regionda bir sıra yükdaşımalarla bağlı layihələr həyata keçirilir. Rusiya ilə İranı əlaqələndirən “Şimal-Cənub” nəqliyyat dəhlizini, Qərblə Şərqi birləşdirən layihələri göstərmək olar. Söhbət Bakı-Tiflis-Qars və digər layihələrdən gedir. Bundan başqa, “Vikinq” layihəsi gündəmdədir və bu layihənin də perspektivi var. Bütün bunları kompleks şəkildə təhlil etdikdə belə qənaətə gəlirik ki, bu prosesdə Azərbaycanın üzərinə çox böyük rol düşür. Çünki sadalanan qütbləri əlaqələndirən məhz Azərbaycandır. Fikrimcə, hətta İrandan çox Azərbaycan bu məsələdə böyük rola malikdir. Yükdaşımalar bilavasitə Azərbaycan üzərindən getməlidir. Burada başqa alternativlər yoxdur. Hansısa alternativlərlə bağlı məsələlər varsa da, onlar baha başa gəlir. Hesab edirəm ki, sözügedən məsələdə Azərbaycanın böyük potensialı var. İran tərəfindən də bu məsələnin gündəmə gətirilməsi Azərbaycanın hansı potensiala və əhəmiyyətə malik olduğunu bir daha təsdiq edir. Ona görə də düşünürəm ki, bu kimi işlərin perspektivləri çox uzaqda deyil. İstənilən halda, sözügedən proqramlar üzrə dəhlizlərin tam gücü ilə işə salınması böyük iqtisadi dividendlər vəd edir. İstər yük, istərsə də sərnişindaşıma nöqteyi-nəzərindən bu, çox qısa bir müddətdə öz dividendlərini verə biləcək layihələrdir. Burada söhbət təkcə maddi dividendlərdən getmir. Eyni zamanda, siyasi dividendlərdən söhbət gedir. Yəni, faktiki olaraq, dünya da Azərbaycanın bu baxımdan rolunu görür və qəbul edirlər. Azərbaycan qütblərarası əlaqələrin təşkilində açar funksiyaya malikdir”.
Vidadi ORDAHALLI