“Yevronyus” telekanalının müxbiri Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevdən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan və Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilidən müsahibələr alıb.
Prezident İlham Əliyevin müxbirin çoxsaylı suallarından birinə cavabını xüsusi vurğu ilə oxuculara çatdırırıq. Çünki burada söhbət hazırda bütün Azərbaycan xalqı və digər region xalqları üçün çox maraqlı olan bir məsələdən gedir:” BTQ həmişə səmərəli işləyə biləcəkmi?” İlham Əliyevin cavabı əslində bu məsələyə tam təminat vermək baxımından çox önəmlidir. Müxbirin “Qlobal mənada sizin ölkələrin əməkdaşlığını gücləndirməkdən başqa, iqtisadi cəhətdən bu yol sayəsində dünyada hansı dəyişikliklər baş verə bilər”- sualına Prezident İlham Əliyev belə cavab verib: ”Düşünürəm ki, bu yolun iqtisadi cəhətdən böyük əhəmiyyəti var. Bu yol boyunca yerləşən bütün ölkələr ondan istifadə edəcəklər. Çünki yenə də deyirəm, bu ən qısa yoldur. Asiyadan Avropaya və Avropadan Asiyaya bundan qısa yol yoxdur. Bizim tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz onu, həmçinin, iqtisadi cəhətdən çox cəlbedici etməkdir. Buna görə də biz bunun üzərində birlikdə işləyəcəyik”.
Cavabdan görünür ki, Azərbaycan Prezidenti Bakı-Tiflis-Qars dəmir yolunun daha səmərəli fəaliyyəti üçün mühüm bir taktiki məqsədi yerindəcə müəyyənləşdirib. Bu məqsəd yükdaşıma tariflərini daimi və fasiləsiz optimallaşdırmaqdır.
Həqiqətən də, gələcəkdə dəmiryolu ilə daşınma tarifləri yolboyu ölkələrin mənafelərini balanslaşdırmaq baxımından fasiləsiz və daimi bir prosesə çevrilsə, BTQ-nin istisnasız olaraq hər zaman səmərəli işləyəcəyini söyləmək olar. Azərbaycan Prezidentinin bu cavabını məlum kontekstdə BTQ-nin taleyindən narahat olan təəssübkeş dairələrə arxayınlaşdırıcı faktor saymaq lazımdır.
Baki-xeber.com