Azərbaycan xalqının dünyaya bəxş etdiyi dahi şəxsiyyətlər az deyil. Bu şəxsiyyətlər sırasında böyük siyasi lider, əzəmətli dövlət xadimi Heydər Əliyevin adı xüsusi seçilir. Həyatını Azərbaycanın müstəqilliyinin qorunmasına, xalqımızın rifahına həsr edən Heydər Əliyev müstəqil dövlətimizi bütün dünyada tanıdıb, ona şöhrət qazandırıb.
2003-cü ilin 12 dekabr tarixində haqqa qovuşan dahi şəxsiyyətin xatirəsini xalqımız, Azərbaycanın dostları böyük ehtiramla yad edir, ruhuna dualar oxuyur.
Heydər Əliyev xalqın, xalq da Heydər Əliyevin dayağı olub. Azərbaycançılıq ideyasının, məfkurəsinin yorulmaz təbliğatçısı olan Heydər Əliyev dünya azərbaycanlılarını bir ideya ətrafında birləşdirməyə müvəffəq olub.
Məlumdur ki, azərbaycançılıq amili birləşdirici bir məfhum kimi qəbul olunur. Mütəxəssislər deyir ki, azərbaycançılıq məfkurəsi ətrafında, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdəki bütün insanlar birləşib və Azərbaycanda yaşayan xalqlar azərbaycançılığı birləşdirici, vəhdət yaradıcı bir ideya kimi dəyərləndirir. Azərbaycançılıq ideologiyası, demək olar ki, cəmiyyətimizin bütün sahələrini əhatə edir.
Tarixçilər birmənalı şəkildə qeyd edir ki, azərbaycançılığın bu şəkildə formalaşmasında, bir ideya kimi xalqın təfəkküründə özünə yer tutmasında Heydər Əliyevin iradəsi böyük rol oynayıb.
Tarixçilər vurğulayır ki, Heydər Əliyev Azərbaycan xalqının tarixini, mədəniyyətini, ədəbiyyatını yaşadıb. Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda, Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlim - azərbaycançılıq ideologiyasını da yaratdı. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycanda keçmiş kommunist ideologiyasından imtina edilmişdi.
Alimlər Nizami Cəfərov, Vüqar Sərdarov və Altay Cəfərovun Heydər Əliyevlə bağlı hazırladığı birgə elmi məqalədə qeyd edilir: "Hər bir xalq tarix səhnəsinə çıxa-çıxa öz milli ideologiyasının etnoqrafik əsaslarını da yaradır, bunu şah əsərləri olan eposlarında, dahi mütəfəkkirlərinin yaradıcılığında, böyük qəhrəmanlarının, xüsusilə dövlət xadimlərinin fəaliyyətində əks etdirir.
Azərbaycançılıq Azərbaycan xalqının əvvəla dərin etnoqrafik kökləri olan, ikincisi, müəyyən tarixi dövrdə - XIX əsrin sonu, XX əsrin əvvəllərində formalaşan və ya formulə olunan, nəhayət, kifayət qədər mürəkkəb və zəngin bir təkamül tarixi keçən milli ideologiyasıdır. Bu ideologiya türkçülük, islamçılıq və müasirlik kimi üç üzvi tərkib hissədən ibarətdir.
Azərbaycançılıq ideologiyası, geniş mənada, tarixən təşəkkül tapıb, XIX əsrin sonu, XX əsrin əvvəllərində ilkin formalaşdıqdan sonra dövrümüzədək mürəkkəb, ziddiyyətli, lakin mənsub olduğu xalqın iradəsini ifadə etdiyindən, ardıcıl, davamlı bir təkamül yolu keçib. Fikrimizcə, onun aşağıdakı mərhələləri mövcuddur: XX əsrin 20-ci illərinin əvvəlləri - 30-cu illərin sonları; 30-cu illərin sonları -70-ci illərin əvvəlləri; 70-ci illərin əvvəlləri - 80-ci illərin sonları; 80-ci illərin sonları - XXI əsrin 10-cu illərinin əvvəlləri; son illər.
Hər hansı milli ideologiya o zaman mükəmməl hesab oluna bilər ki, xalqın ruhundan, mentalitetindən, tarixi "tərcümeyi-hal"ından irəli gəlsin. Azərbaycançılıq ideologiyası məhz bu baxımdan, həqiqətən, müasir dünyanın ən mükəmməl ideologiyalarından biridir. Bu ideologiyanın min illərlə ölçülən çox dərin etnoqrafik köklərilə yanaşı, kifayət qədər əsaslı və mütəşəkkil metafizikası da mövcuddur. Belə ki, azərbaycançılıq ideologiyasının mahiyyətində, fəlsəfəsində üç tamamilə humanist və insan cəmiyyətinin təbii şəkildə, "müdaxiləsiz" yaratdığı dəyərlər komponenti və ya kompleksi ifadə olunur: etnik mənsubiyyət; dini mənsubiyyət; dünyəvi mənsubiyyət.
Bu ideologiyada öz əksini tapmış fəlsəfə və ya metafizikada, eləcə də onu yaradan xalqın təfəkküründə etnik məhdudluq, dini dözümsüzlük, antihumanizm yoxdur. Yalnız o var ki, Azərbaycan xalqı da, digər normal xalqlar kimi, müəyyən bir etnik mənşəyə, dini dünyagörüşünə mənsubdur və müasir dünyanın üzvi tərkib hissəsidir. Azərbaycançılıq ideologiyasının tarixi məzmununu, fəlsəfəsini aydın dərk və ya ən azından, təsəvvür etmək üçün, fikrimizcə, üç mühüm məqama diqqət yetirmək lazım gəlir: birincisi, etnoqrafik qaynaqlar; ikincisi, təşəkkül dövrü; üçüncüsü, təkamül mərhələləri.
Azərbaycançılıq ideologiyasının təkamülü baxımından ən mühüm hadisə ondan ibarətdir ki, XX əsrdə "Azərbaycan" anlayışı həm siyasi, həm də intellektual-mədəni baxımdan kütləviləşib. Təhsilin, maarifin təşviq edilməsi, yayılması bunda böyük rol oynayıb. Lakin sovet dövründə kommunist ideologiyası ilk iki mərhələdə: türkçülüyə qarşı mübarizə mövqeyindən antitürkçülük səviyyəsinə qalxıb; ateizm hərəkatı gücləndiyindən, müsəlmançılıq "dindarlıq" səviyyəsində inkar olunub; müasirlik dedikdə "yeni" - sosialist həyat tərzi başa düşülüb.
Azərbaycançılıq ideologiyasının təkamül tarixində nəzəri-praktik baxımdan önəmli olan üçüncü mərhələ XX əsrin 70-ci illərinin əvvəllərindən başlayır, 80-ci illərinin sonlarında başa çatır. Bu, Heydər Əliyev mərhələsidir. Öz rəhbərlik fəaliyyəti və mübarizələri ilə Azərbaycan xalqının lideri səviyyəsinə yüksələn Heydər Əliyev "mərkəz"in bütün gözəgörünən və görünməyən yasaqlarına baxmayaraq, ittifaq miqyasında "yumşalma" dövründən gələn inersiyanı Azərbaycanda milli özünüdərk və özünütəsdiq prosesinin daha da güclənməsinə istiqamətləndirib. O, həqiqi milli lider olaraq, xalqın gələcək müstəqilliyi üçün hər cür - iqtisadi, siyasi, mədəni-mənəvi potensialın yaranmasını təmin edib.
Azərbaycançılıq ideologiyasının təkamül tarixinin dördüncü mərhələsinin əvvəllərində Sovetlər Birliyinin dağılması, ümumən dünyada gedən qlobal ictimai-siyasi proseslər Azərbaycanı müstəqillik yollarına çıxardı. İlk illərdə - 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində ölkədə böyük faciələr, dağıntılar baş versə də, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsilə respublika, sözün geniş mənasında, bəlalardan xilas oldu.
Azərbaycan xalqının ümummilli lideri azərbaycançılıq ideologiyasının təkamül tarixinin üçüncü mərhələsində başladığı işləri dördüncü mərhələdə - müstəqillik illərində daha inamla davam etdirdi.
Ən mühüm tarixi hadisə o oldu ki, ulu öndər azərbaycançılığı müstəqil Azərbaycan Respublikasının dövlət ideologiyasına çevirdi. Ümumiyyətlə isə, müstəqil dövlətimizin memarı və qurucusu azərbaycançılıq ideologiyasının həm həyata keçirilməsi, həm də zənginləşməsi üçün qlobal perspektivlər müəyyənləşdirdi".
Alimlər qeyd edir ki, azərbaycançılıq ideologiyasının təkamül tarixində beşinci mərhələ öz başlanğıcını XXI əsrin ikinci onilliyinin əvvəllərindən alır. Alimlərin yazdığına görə, bizim günlərdə xüsusi inam və böyük enerji ilə davam edən həmin mərhələ İlham Əliyev mərhələsidir. Müşahidələr və araşdırmalar göstərir ki, müasir mərhələdə azərbaycançılıq ideologiyasının İlham Əliyev mərhələsinin təkamülünü bir sıra mühüm əlamətlər şərtləndirir: "Bunlar əsasən aşağıdakılardır:
Birinci əlamət həmin ideologiyanın tarixinin bütün yönlərilə obyektiv öyrənilib mənimsənilməsinə elmi, ictimai-siyasi və mədəni marağın indiyə qədər görünməmiş bir şəkildə artmasıdır. Bu gün ölkədəki iqtisadi, ictimai-siyasi və intellektual-mədəni şərait imkan verir ki, azərbaycançılıq ideologiyasının keçdiyi tarixi yol hərtərəfli, dərindən və geniş müzakirələr əsasında, necə varsa, o cür araşdırılıb öyrənilsin.
Məlum olduğu kimi, istər təşəkkül dövründə, istərsə də müxtəlif təkamül mərhələlərində, xüsusilə XX əsrin 20-ci illərinin əvvəllərindən 70-ci illərin əvvəllərinə, yəni Heydər Əliyev dövrünə qədər azərbaycançılıq ideologiyası həm ölkə daxilində, həm də mühacirətdə biri digərindən, demək olar ki, təcrid olunmuş halda fəaliyyət göstərib. Ölkə daxilində bu ideologiya get-gedə məhdudlaşdırılıb, hətta tamamilə unutdurulması üçün hər cür cəhdlər edilib, az-çox, təzahürləri isə müxtəlif mənəvi-ideoloji istiqamətlərə, məsələn, liberal vətənpərvərliyə yönəldilməklə, amorflaşdırılıb və ya simasızlaşdırılıb.
Mühacirətdə isə sosial bazası olmayan romantik xəyallara çevrilib. Bütün hallarda, Azərbaycan xalqının milli ideallarının qarşısını həm adminstrativ-aqressiv, həm diplomatik-aldatma, həm də ekspressiv-şirnikləndirmə yolları ilə məhz sovet-sosialist ideologiyası kəsib. Lakin milli idealları məhv etmək mümkün olmadığı kimi, milli ideologiyanı da sona qədər unutdurmaq, yaddaşlardan silmək mümkün olmayıb.
İkinci əlamət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə, onun milli dövlət quruculuğu fəlsəfəsinə ölkə, eləcə də dünya miqyasında layiq olduğu bir ehtiramla, intellektual-analitik həssaslıqla yanaşılmasıdır. Bu ona görə zəruridir ki, Heydər Əliyev azərbaycançılıq ideologiyasının bir-birindən əsaslı şəkildə fərqli olan iki təkamül mərhələsinin müəllifi və lideri olmaqla yanaşı, bu gün davam edən beşinci mərhələsinin perspektivlərini də müəyyənləşdirib.
Heydər Əliyevin tarixi xidmətlərinin həm ölkə, həm də dünya miqyasında yüksək qiymətləndirilməsi, geniş təhlil və təbliğ olunması azərbaycançılıq ideologiyasının, milli ideallarımızın təntənəsi deməkdir. Heç də təsadüfi deyil ki, bugünkü siyasi leksikonda "Heydər Əliyevçilik" anlayışı "azərbaycançılıq" anlayışının yeni tarixi şəraitdəki məzmununu və mahiyyətini ifadə edir.
İstər sovet dövrünün məlum və mürəkkəb şərtləri daxilində, istərsə də müstəqillik dövrünün ondan da mürəkkəb və ziddiyyətli illərində ümummilli lider Azərbaycanı - Azərbaycan və Azərbaycan xalqını - Azərbaycan xalqı edəcək bütün milli-mənəvi enerji mənbələrinin tam gücü ilə işləməsi üçün zəruri tədbirləri görməklə, azərbaycançılıq ideologiyasını legitimləşdirə, reallaşdıra, beləliklə də bu gün Azərbaycan Prezidenti İlham Əliyevin cəsarətlə və qürurla "bizim siyasətimiz bizim işimizdir" deməsinə əsas verə bildi".
Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin xatirəsi xalqımız üçün həmişə əzizdir. O bizə müstəqil Azərbaycan kimi sərvət bəxş edib.
Ruhu şad olsun!
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.