Qabil Hüseynli: "Türkiyə ardıcıl siyasət yürüdür və indidən Ermənistanın nələr qazana biləcəyini gündəmə gətirir"
Türkiyənin baş naziri Binəli Yıldırımın Rusiya səfəri zamanı iki ölkə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərin artırılması barədə razılığa gəlib. Bu barədə Türkiyə-Rusiya parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rəcai Bərbər deyib. Onun sözlərinə görə, əvvəldən Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın deyil, həm də Türkiyənin problemidir.
"Əslində, Ermənistan da bu problemin həllini istəyir, çünki Dağlıq Qarabağ münaqişəsi Ermənistanı xarici dünyadan təcrid edir və bu da Ermənistanın iqtisadiyyatına güclü təsir göstərir. Bu problemin həlli, şübhəsiz, regionda sabitliyə və vətəndaşlarının rifahının yüksəlməsinə gətirib çıxaracaq", - deyə Dostluq Qrupu rəhbəri bildirib.
Onun sözlərinə görə, Türkiyə, məsələn, Gürcüstanla olduğu kimi, Ermənistanla da yaxşı münasibətlər qurmaq niyyətindədir, amma Ankara ilə İrəvan arasında yaxşı münasibətlər ermənilərin işğal etdiyi Azərbaycan ərazilərinin azad olunmasında sonra mümkündür.
Türkiyə və Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərin artırılması barədə razılığa gəlməsi bu prosesə necə təsir göstərə bilər?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Ankara-Moskva yaxınlaşması bir sıra təhlilçilər tərəfindın münaqişənin həllində əhəmiyyətli gəlişmələrdən biri kimi qiymətləndirilir: "Türkiyənin Rusiya ilə yaxınlaşması fonunda Ankaranın Moskvanın maraqlarına uyğun ciddi razılaşmalara getməsi, məsələn, "Türk axını" ilə rus qazının yenə Ukraynadan keçərək Avropaya ötürülməsi kimi böyük güzəştə getməsi Kremlin geosiyasi maraqları üçün misilsiz əhəmiyyətə malikdir. Türkiyə də bu güzəştlər fonunda Rusiyadan Qarabağla bağlı ədalətli mövqe nümayiş etdirməsini istəyə bilər. Görünür, bu istiqamətdə intensiv danışıqlar gedir. Lavrov-Çavuşoğlu görüşündən və Türkiyə baş nazirinin Moskva səfərindən bu qənaətə gəlmək olar. Hər halda, Türkiyə-Rusiya yaxınlaşması Moskva üçün vazkeçilməz ünsürlərdən birinə çevrilir. Türkiyənin tələbi Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsidir. Burada Türkiyə ardıcıl siyasət yürüdür və indidən Ermənistanın nələr qazana biləcəyini gündəmə gətirir. Üstəlik, Azərbaycan da Ermənistanın işğalçı qoşunlarının ərazilərimizdən çıxarılması müqabilində eyni addımları atacağını vəd etməklə qalmır, Dağlıq Qarabağa yüksək muxtar respublika statusu verə biləcəyini bəyan edir. Göründüyü kimi, Ankara və Bakı ciddi kompromislərə hazırdır, ancaq bu, ölkəmizin unitar dövlət quruluşuna toxunmamalıdır".
Məhəmmədəli QƏRİBLİ