Fikrət Sadıqov: "Çox istərdik ki, Ermənistana təsirli, güclü təzyiq göstərilsin"
Moskvada Rusiya Federasiyasının Federal Məclisinin həftəlik nəşri olan "Parlamentskaya qazeta"nın mətbuat mərkəzində Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr edilmiş "Rusiya-Azərbaycan münasibətləri: Dostluq və qarşılıqlı faydalı əməkdaşlığın 25 ili" mövzusunda "dəyirmi masa" keçirilib.
Müzakirələrdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Federasiya Şurasının Beynəlxalq işlər üzrə komitəsinin üzvü İqor Morozov, Dövlət Dumasının deputatı Dmitriy Savelyev, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov iştirak edib.
Çıxış edən səfir Polad Bülbüloğlu bildirib ki, 25 illik müstəqillik dövründə Azərbaycan uzun inkişaf yolu keçərək, Qafqaz regionunun iqtisadi cəhətdən ən güclü ölkəsinə çevrilib.
P.Bülbüloğlu 1990-cı illərin hadisələrini xatırladaraq bildirib ki, o vaxtlar polkovnik Surət Hüseynovun tankları Bakıdan 50 km aralıda idi: "Məhz Azərbaycan xalqının təkidi ilə ümummilli lider Heydər Əliyev o dövrdə ölkəni vətəndaş müharibəsindən xilas edib və Azərbaycan dövlətçiliyini yenidən qurub".
Dağlıq Qarabağ münaqişəsinə toxunan P.Bülbüloğlu deyib ki, Rusiya, ATƏT-in Minsk Qrupunun üzvü və regionun ən böyük dövləti kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün lazım olan imkanlara malikdir.
Maraqlıdır, siyasi ekspertlər buna necə yanaşır? Həqiqətən də Rusiya münaqişənin həlli ilə bağlı bütün lazım olan imkanlara malikdirmi?
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Rusiya regionda aparıcı oyunçudur: "Eyni zamanda, bizim şimal qonşumuzdur. Bununla yanaşı, Ermənistanın yaxın müttəfiqidir. O baxımdan, münaqişənin həlli Rusiyanın səylərindən çox asılıdır. Düzdür, doxsanıncı illərdə Rusiya müxtəlif mövqelər tutub. Hətta müəyyən məqamlarda bizə zidd olan mövqelərdə dayanıb. Ancaq indi strateji partnyorluq formatında münasibətlərimiz yaxşıdır. O üzdən, çox istərdik ki, münasibətlərimizin belə olması fonunda rəsmi Moskva Ermənistana təzyiq göstərsin. Çünki Rusiyanın təzyiqindən, mövqeyindən çox şey asılıdır. Düşünürəm ki, bu kontekstdə Rusiyanın münaqişənin tənzimlənməsində iştirakı əvəzolunmazdır. Ona görə də biz Rusiyadan bunu gözləyirik. Çox istərdik ki, biganəlik nümayiş olunmasın və Ermənistana təsirli, güclü təzyiq göstərilsin. Bu minvalla, torpaqların işğaldan azad olunması təmin olunsun. Bax budur əsas məsələ".
Vidadi ORDAHALLI