“NATO Dağlıq Qarabağda vəziyyətin eskalasiyasından hər zaman narahatdır”. APA-nın məlumatına görə, bu sözləri NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndiricisi Uilyam Lahyu deyib.
O bildirib ki, NATO münaqişənin sülh yolu ilə həllini və Minsk prosesini dəstəkləyir: “Biz sülh yolu ilə nizamlanma görmək istəyirik. Hesab edirik ki, anlaşma əldə etmək münaqişəyə cəlb olunmuş ölkələrdən asılıdır”.
U. Lahyu Rusiya və Ermənistanın birləşmiş qoşun qruplaşması yaratması məsələsinə də münasibətini açıqlayıb. Onun sözlərinə görə, Ermənistan suveren ölkədir, qonşuları ilə necə münasibət qurmaq onun öz qərarıdır: “NATO bütün ölkələrin suverenliyinə hörmətlə yanaşır, hər ölkənin öz təhlükəsizliyi və xarici əlaqələri ilə bağlı qərar vermək hüququ var”.
“Türkiyə, Azərbaycan və Gürcüstanın nəqliyyat layihəsi Avropa üçün çox vacib layihədir”. bunu da NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndiricisi deyib. O bildirib ki, bu nəqliyyat dəhlizi Avropa ilə Asiyanın birləşməsi üçün imkan yaradacaq: "İmkanlarla birgə bu region çağırışlarla da üzləşir. NATO münaqişələrin, o cümlədən sizin münaqişənin (Dağlıq Qarabağ münaqişəsi-red.) sülh yolu ilə həllinə daim dəstək verəcək".
U. Lahyu qeyd edib ki, NATO Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlarına müsbət yanaşır: “Türkiyə bu ölkələrdə hərbi təlimlərə dəstək verir. Bu, regional sabitlik üçün çox vacibdir. Bu birbaşa NATO-nun deyil, NATO tərəfdaşlarının işidir. Lakin təbii ki, burada NATO prosedurlarından istifadə edilir".