Qabil Hüseynli: "Parlament seçkilərinin keçirilməsi isə sırf ölkə başçısının səlahiyyətinə bağlıdır"
Sentyabrın 26-da keçirilən referendumda Prezident İlham Əliyevin Azərbaycan Konstitusiyasına təklif etdiyi dəyişikliklər paketi qəbul edildi. Seçki Məcəlləsinin 138.1 və 138.4 maddəsinin tələbinə görə, referendumun yekun nəticələri ən geci oktyabrın 21-dək elan edilməlidir.
Seçki Məcəlləsinin 140-cı maddəsinin tələbinə görə isə referendum yolu ilə qəbul edilmiş qərarın və referendumun yekunları haqqında rəsmi elanın dərc edilməsi səsvermə günündən ən geci 30 gün keçənədək MSK tərəfindən həyata keçirilməlidir. Məhz bundan sonra referendumun nəticələri qüvvəyə minəcək və ölkə yeni dəyişikliklər edilmiş Konstitusiya ilə idarə olunmağa başlayacaq.
Referendumun nəticələri qüvvəyə mindikdən sonra ölkə Prezidenti Konstitusiyaya əsaslanaraq 1-ci vitse-prezident, vitse-prezidentlər təyin etməlidir. Hakimiyyət rəsmilərinin, iqtidara yaxın deputatların, bir sıra siyasətçilərin və ekspertlərin indiyə qədər verdiyi açıqlamalarda, proqnozlarda referendumun nəticələrinin qüvvəyə minməsindən sonra ölkədə ciddi dəyişikliklərin, islahatların həyata keçiriləcəyi vurğulanır.
Ehtimal olunur ki, 2018-ci il prezident seçkiləri əsasən də iqtisadi islahatların ən pik dövrünə təsadüf edə bilər. Mümkündür ki, hakimiyyət həm də 2018-ci ildə regionda və dünyada baş verə biləcək siyasi kataklizmləri də proqnozlaşdıraraq erkən seçkiyə müsbət baxsın. İddialara görə, erkən seçkilər referendumun nəticələri rəsmən qüvvəyə mindikdən sonra təyin ediləcək.
Prezident seçkisindən sonra Milli Məclisin buraxılacağı da iddialar sırasındadır.
Referendumun nəticələrinin təsdiqindən sonra növbədənkənar prezident və parlamaent seçkilərinin keçiriləcəyi versiyasını nə dərəcədə əsaslı saymaq olar?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, referendumun nəticələri tam təsdiq ediləndən sonra konkret hansı addımların atılacağı ilə bağlı dəqiq fikir bildirmək çətindir: "Ancaq ölkədə yeni prezident seçkilərinin keçirilməsi mümkün sayıla bilər. Bu səbəbdən ki, Konstitusiyaya təklif olunan dəyişikliklərdə keçid müddəaları öz əksini tapmayıb. Yeni müddəaların köhnə Konstitusiya əsasında seçilən Prezidentə şamil olunması ilə bağlı konkret bənd yoxdur. Bu da referendumdan sonra yeniləşən Konstitusiyanın Prezidentə verdiyi səlahiyyətləri dövlət başçısının tam icra edə bilməsini mübahisəli edir. Fikrimcə, bu səlahiyyətləri referendumdan sonra seçiləcək prezidentin icra edə biləcəyi daha məqsədəuyğun görünür. Hesab edirəm ki, bu amillər ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini zəruri edir. Parlament seçkilərinin keçirilməsi isə sırf ölkə başçısının səlahiyyətinə bağlıdır. Zəruri hesab edərsə, keçirilə bilər. Ancaq keçirilməsə də, bu heç bir boşluq yaratmır".
Məhəmmədəli QƏRİBLİ