Elşən Mustafayev: "Dərhal prosesə təsiri olmasa da, müəyyən mənada, passivliyin aradan qaldırılmasında həmsədrləri hərəkətə gətirə biləcək fəallıqdır"
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayerin yayda Azərbaycana səfər etdiyini xatırladan diplomat ölkəsinin Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyini vurğulayıb. "Anlayırıq ki, indiki vəziyyətdə "status-kvo" qəbuledilməzdir. Biz tərəflərlə daim təmasdayıq və onları məqsədyönlü danışıqlara cəlb etməyə çalışırıq ki, münaqişənin bir daha alovlanmaması üçün tədbirlər görülsün və o öz həllini tapsın", - deyə o qeyd edib.
Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Almaniyanın bu fəallığı Dağlıq Qarabağ probleminin həllinə hansısa impuls verə bilərmi?
Milli İstiqlal Partiyasının sədr müavini Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, Almaniya ATƏT-in Minsk Qrupunun üzvü kimi bu prosesdə daim fəallıq nümayiş etdirib: "Bilirsiniz ki, münaqişənin nizama salınması ilə ATƏT tərkibində olan bir qurum məşğul olur. Üç ölkənin daxil olduğu həmin həmsədrlik institutuna Almaniya daxil deyil. Ancaq dəfələrlə belə təşəbbüslər qaldırılıb ki, həmsədr ölkələrdən biri dəyişdirilsin. Yeni namizəd ölkə kimi Almaniyanın adı daha çox hallanıb. Ancaq, göründüyü kimi, bu baş tutmayıb. Mən hesab edirəm ki, Almaniya diplomatiyası belə konfliktlərin həllində daha çevik fəaliyyət göstərməyə qadirdir. Hazırda Almaniya ATƏT-ə sədrlik edir. Onların bu səviyyədə məsələyə yanaşması və konkret olaraq status-kvonun dəyişdirilməsi istiqamətində göstərdikləri səyləri yalnız alqışlamaq olar. Dərhal prosesə təsiri olmasa da, müəyyən mənada, passivliyin aradan qaldırılmasında həmsədrləri hərəkətə gətirə biləcək fəallıqdır".
Məhəmmədəli QƏRİBLİ