Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər tez həllində maraqlı olduğunu və bu istiqamətdə artıq əməli addımlar atılmasının vacibliyini beynəlxalq miqyasda da açıq şəkildə gündəmə gətirib. O da bəyan edilir ki, münaqişənin həlli istiqamətində real addımlar atılmayacağı təqdirdə bu, yeni Qarabağ mühharibəsinin başlanmasını da qaçılmaz edəcək. Ermənistan və onun havadarları isə bu şəraitdə müharibənin qarşısını almaq iqtidarında deyillər. Hətta Ermənistanın yeni güvənci olan "İsgəndər" raketləri də burada düşmənə hər hansı formada kömək etməyəcək.
Digər tərəfdən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində təlimləri bu xüsusda düşmənə növbəti sərt xəbərdarlıq sayılır. Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, oktyabrın 3-dən Naxçıvanda komanda-qərargah təlimləri başlayıb. Təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan hərbi hissələr, idarə heyətləri və qərargahlar cəlb olunub. Əldə edilmiş təcrübəyə əsaslanaraq təlimlərdə iştirak edən hərbi hissə və birləşmələr əməliyyatların əsas növlərinin keçirilməsi ilə Naxçıvan ərazisinin müdafiəsi, ümumilikdə ərazimizə qarşı düşmənin təhdidləri və təcavüzkar fəallığının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üzrə tapşırıqlar yerinə yetirir.
Eyni zamanda, bölmələr silahlanmalarında olan yeni və müasir raket-artilleriya sistemləri, aviasiya vasitələri, digər silah və döyüş texnikasının tətbiqi ilə qarşı tərəfin müdafiəsinin dərinliyindəki hərbi-strateji obyektlərin məhv edilməsi tapşırıqlarını da icra edir. Ekspertlər hesab edir ki, bu təlimləri həm də Ermənistanın "İsgəndər" operativ taktiki raket kompleksləri ilə silahlanmasına cavab olaraq Azərbaycanın atdığı addımlardan biri kimi qiymətləndirmək mümkündür. Çünki Ermənistan ərazisinin dərinliklərindəki hərbi-strateji hədəflər məhz Naxçıvan istiqamətindən daha əlçatandır və Azərbaycan ordusunun Muxtar Respublikada dislokasiya olunmuş qoşun birləşmələri sərəncamındakı raket sistemləri ilə, İrəvan da daxil olmaqla, düşmən ərazisinin dərinliklərini hədəf ala bilər. Bununla Azərbaycan nümayiş etdirir ki, Ermənistanın "İsgəndər"lə təchiz olunması ona hərbi üstünlük vermir və Naxçıvan istiqamətindən bu ölkənin, paytaxtı da daxil olmaqla, bir çox məntəqələri cavab, eyni zamanda preventiv zərbələrin hədəfi olacaq. Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da Ermənistanın bu məqamı nəzərə almasının vacib olduğunu bildirir: "İndi ermənilərin kompromisə hazırlığı sıfır səviyyəsindədir. Rusiyadan alınan "İsgəndər-M" raket sistemi isə Ermənistanı siyasi və psixoloji cəhətdən daha arxayın edib. İndi ermənilər özlərini siyasi və psixoloji baxımdan daha arxayın hiss edir. Ancaq hərbi baxımdan vəziyyət dəyişməyib. Təbii ki, Ermənistan Naxçıvan Muxtar Respublikasının İrəvandan təqribən 50-60 kilometr məsafədə yerləşdiyini unudur. Bu məsafədən atəş üçün heç "İsgəndər-M" raketlərinə ehtiyac yoxdur. Azərbaycan bu məsafədən İrəvanı vura bilən raketlərə malikdir. Odur ki, "İsgəndər-M" Ermənistan üçün gərəksiz olan silahdır".
Bundan başqa, Milli Məclisin deputatı Yevda Abramov mətbuata maraqlı bir açıqlama verib. O bildirir ki, İsrail yaxın vaxtlarda Azərbaycana "Dəmir günbəz" raketdən müdafiə sistemini verəcək. Deputatın sözlərinə görə, həmin silah sistemi Azərbaycana yola salınmaq üçün artıq hazırdır:"Bu raketdən müdafiə sistemi "İsgəndər" raketlərinin yerə düşməsinə imkan verməyəcək". Bundan əvvəl Azərbaycan İsraildən "Barak-8" raket əleyhinə komplekslərinin alınmasına dair müqavilə bağlamışdı və istisna deyil ki, artıq ordunun sərəncamında belə raketlər var. İstənilən halda isə İsrail dünyada ən güclü raketdən müdafiə sistemlərinə malik ölkədir və Azərbaycan həmin sistemləri almaqla "İsgəndər"lərdən yaranan təhdidi xeyli ölçüdə neytrallaşdıracaq.
Digər tədbir kimi Azərbaycanın 300 kilometr və daha çox mənzilli ballistik raketlər əldə etməsidir. Məhz belə vəziyyət Azərbaycanın düşmən üzərində hərbi üstünlüyünü daha da artırır. Bu fonda aydındır ki, Qarabağ danışıqlarında irəliləyiş olmasa, müharibə qaçılmazdır və belə vəziyyətdə Ermənistan Azərbaycan qarşısında heç nə edə bilməyəcək. Hər halda, bu reallığı Ermənistanda da nəzərə alanlar var və həmin qüvvələr Qarabağ konfliktinin danışıqlar yolu ilə mümkün qədər tez həllini istəyir.
Nahid SALAYEV