Qabil Hüseynli: "Bu mexanizmin təmin olunması ilə bağlı məsuliyyət nizamlama missiyyasını yerinə yetirən dövlətlərin üzərinə düşür"
Keçən həftə ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Atlantik və Aspen İnstitutunda dünyanın müxtəlif yerlərində münaqişələri müzakirə edərkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də xatırladıb. O deyib ki, hazırda Dağlıq Qarabağ ətrafında Azərbaycanla Ermənistan arasında münaqişənin həll edilməsi üçün şərait yetişməyib, çünki "liderlər buna hazır deyil".
Oktyabrın 3-də ABŞ Dövlət Departamentinin press-brifinqində azərbaycanlı jurnalist Dövlət Departamentinin nümayəndəsi Elizabet Trudodan dövlət katibinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə şərhlərinə açıqlama verməsini xahiş edib. E.Trudo öz cavabında qeyd edib ki, o, dövlət katibinin sözlərini təhlil edə bilməz, lakin bir daha bəyan edir ki, ABŞ hökuməti Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlara əsaslanan münaqişənin nizama salınması prosesini dəstəkləyir. Dövlət Departamentinin nümayəndəsi vurğulayıb: "Biz tərəflərlə fəal işləməyi davam etdiririk, çünki ATƏT-in Minsk Qrupunun həmsədriyik". O deyib ki, Minsk Qrupunun həmsədri kimi, ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması prosesini dəstəkləyir: "Biz ATƏT-in Minsk Qrupunun həmsədri olaraq tərəflərlə fəal işləməyi davam etdiririk. Bizim mövqeyimiz Dağlıq Qarabağ münaqişəsinin özünü Helsinki Yekun Aktının prinsiplərində əks etdirən gücün tətbiq olunmaması, ərazi bütövlüyü kimi beynəlxalq hüquqa əsaslanan ədalətli həllinə yönəlib".
E.Trudo dövlət katibinin bəyanatına dair qeyd edib ki, sülhə görə məsuliyyət hər iki dövlətin liderlərinin üzərinə düşür və münaqişənin nizama salınması yollarının axtarışında ölkə rəhbərlərinin cəhd göstərməsinin vacibliyini bir daha vurğulayıb.
Dövlət Departamentinin sözçüsü Helsinki Yekun Aktının prinsiplərində əks olunan gücün tətbiq olunmaması, ərazi bütövlüyü kimi beynəlxalq hüquqa əsaslanan ədalətli həll deyəndə nəyi nəzərdə tutub?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, Dövlət Departamentinin son bəyanatında yeni nəsə yoxdur: "Sadəcə söz oynadılır. Fikir versəniz görərsiniz ki, Dağlıq Qarabağla bağlı Dövlət Departamenti hər dəfə yeni termindən istifadə edir. Bu da, təbii ki, müəyyən çaşqınlıq yaradır. Azərbaycan öz rəsmi mövqeyini də bununla bağlı ifadə etdi. Məlumdur ki, biz Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna sadiq qalaraq münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıyıq. Yekunun, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində bəyan edildiyi kimi, status-kvonun dəyişdirilməsi və Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə nəticələnməsini istəyirik. Departamentin bəyanatında da bu mexanizmdən danışılıb. Münaqişənin həlli ilə əlaqədar yeni üsulların təklifinə ehtiyac yoxdur. Nizamlanmanın əsasını BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktı təşkil edir. Onu da qeyd edək ki, Helsinki Yekun Aktında xalqların öz müqəddəratını təyin etmə prinsipinin məhz dövlətlərin ərazi bütövlüyü prinsipinə xələl gətirməyəcək formada ifadə olunması təsbit olunub. Münaqişənin ədalətli həllini tələb etmək isə yeni termin deyil. Bu mexanizmin təmin olunması ilə bağlı məsuliyyət nizamlama missiyyasını yerinə yetirən dövlətlərin üzərinə düşür. Bütün danışıqlar prosesinin nəticəsiz alınması isə Ermənistana bağlı olan məsələdir. Qeyri-konstruktivliyi onlar edir".
Məhəmmədəli QƏRİBLİ