Arzu Nağıyev: "Dağlıq Qarabağa təsir imkanları nisbətən çox olduğu üçün burada tələsmir"
Son vaxtlar Rusiyanın Dağlıq Qarabağla bağlı danışıqlar prosesində nümayiş etdirdiyi mövqedə dəyişilmə hiss edilir. Aprel döyüşlərindən sonra xüsusilə fəallaşan Rusiya prosesdən yaxasını kənara çəkmiş kimi görünür.
Danışıqlar prosesində status-kvonun dəyişməsi üçün işğalçı ölkəyə təzyiq göstərmək istəmir. Əksinə, Moskva Ermənistana çox təhlükəli silah verməklə açıq şəkildə status-kvonun bu və ya digər şəkildə dəyişilməsinə imkan verməyəcəyini ortaya qoymuş oldu.
Rusiyanın bu istiqamətdə aktivliyinin zəifləməsi nə ilə bağlıdır?
Ekspert Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, bu passivlik yalnız Rusiya ilə bağlı deyil: "Hesab edirəm ki, digər ölkələrin timsalında da bunu görmək mümkündür.
İndiki vəziyyətdə Suriya hadisələri Dağlıq Qarabağ münaqişəsinin həllini ikinci plana atıb. Rusiyanın nüfuz qazanmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsü ələ almaq istəyi də nəticə vermədiyi üçün ABŞ artıq öz iradlarını bildirməyə başlayır. Maraqlısı odur ki, hər iki dövlət ATƏT-in Minsk Qrupunda təmsil olunur.
Məlumdur ki, ABŞ-da noyabrda prezident seçkiləri keçirilməlidir və hazırkı ABŞ iqtidarı gələcəkdə qınaq obyekti olmamaq üçün bu cavabdehliyi kiminsə üzərinə qoymalıdır. Buna görə də beynəlxalq qurumlar ermənilər və onların havadarlarının qeyri-konstruktiv addımlarına reaksiya verməlidir.
Azərbaycan tərəfi ərazi bütövlüyümüz çərçivəsində istənilən danışıqda iştirak etməyə hazırdır və münaqişənin dondurulmuş halda saxlanması Ermənistanın xeyrinədir. Bu həm səhra komandirlərindən ibarət hakimiyyət nümayəndələrinin, həm də onların havadarlarının əsas məqsədi və məramıdır.
Hazırda Suriya hadisələri Dağlıq Qarabağ münaqişəsini təbii ki, ikinci plana çəkib. Dünyada bu qədər uzanan münaqişə ocağı, demək olar ki, yoxdur. Mən Rusiyanın fəallığını zəiflətməsini Suriyadakı vəziyyətlə əlaqələndirirəm. Oradakı savaş yeni stadiyaya qədəm qoyub. Rusiya daha çox diqqəti ora ayırıb. Dağlıq Qarabağa təsir imkanları nisbətən çox olduğu üçün burada tələsmir".
Məhəmmədəli QƏRİBLİ