Rusiyaya məxsus hərbi təyyarənin Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulmasından sonra türk turistlərin Rusiyaya getməsində problemlər yaranıb. Ölkələr arasında vizasız rejim olmasına baxmayaraq, artıq 2 gündür, Türkiyə vətəndaşlarının Rusiyaya daxil olmasına icazə verilmir.
Türkiyə vətəndaşları hava limanında saatlarla gözlədilir, sənədləri əllərindən alınır, onlara heç bir açıqlama verilmir, şübhəli şəxslər üçün nəzərdə tutulan otaqlarda saxlanılır, sonda isə kütləvi şəkildə Türkiyəyə geri göndərilirlər.
Baki-xeber.com xəbər verir ki, Rusiyanın istehlakçıların hüquqlarının qorunmasına nəzarət üzrə federal idarəsi ("Rospotrebnadzor") isə Türkiyə istehsalı olan yüngül sənaye məhsullarının, o cümlədən uşaq geyimləri, mebel, yuyucu vasitələrin keyfiyyət məsələsini də gündəmə gətirib. İdarədən bildiriblər ki, 2015-ci il boyu yüksək risk qrupuna daxil edilən məhsulların yoxlanılması həyata keçirilib: "İl boyu aparılan yoxlamalar nəticəsində yüngül sənaye məhsulları, o cümlədən uşaq geyimləri, mebel, yuyucu vasitələrin normativ tələblərə cavab verməməsi aşkar olunub. Hər bir fakt üzrə Rusiya qanunvericiliyinə uyğun tədbir görülür və məhsul yüksək risk qrupuna daxil edilir”.
Məlumatda o da bildirilir ki, "Rospotrebnadzor" keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməmə halları müşahidə olunduğu üçün Türkiyə məhsulları üzərində gücləndirilmiş nəzarət həyata keçirir. Ət məhsulları, su bioloji resursları, qənnadı məmulatları, meyvə, tərəvəz və quru meyvə yüksək risk qrupuna daxil edilib.
Bundan başqa Rusiya hökuməti "Rosselxoznadzor” dövlət agentliyinə Türkiyədən idxal edilən kənd təsərrüfatı və ərzaq mallarına sərt nəzarətin tətbiq edilməsini tapşırıb. Bu barədə kənd təsərrüfatı naziri Aleksandr Tkaçov bildirib.
Nazirliyin saytındakı məlumata əsasən "Rosselxoznadzor” gömrük və Türkiyədəki istehsal yerində əlavə yoxlamalar keçirməlidir. Əlavə nəzarətə səbəb türkiyəli istehsalçılar tərəfindən Rusiya keyfiyyət normalarının pozulmasıdır. Rusiya mətbuatı bildirir ki, gömrük xidməti Türkiyə mallarının 100 faizini nəzarət məntəqələrinə göndərir.
Bundan əvvəl Rusiya Türkiyədən gətirilən toyuq ətinə qoyulmuş qadağanın siyasi motivli olmadığını bildirib.
"Son insidentdən xeyli əvvəl Türkiyədəki bir neçə şirkətdən toyuq ətinin gətirilməsi yasaqlanıb”, - noyabrın 25-də Rusiya nəzarət qurumunun nümayəndəsi Yuliya Melano deyib.
Bundan əvvəl sabiq ictimai səhiyyə xidmətinin rəhbəri və baş nazirin müşaviri deyib ki, Türkiyə mallarını alanlar müəyyən dərəcədə Türkiyə hərbiyyəsini dəstəkləyirlər. "Hamı başa düşür ki, Auchan və yaxud da bazarda alınmış hər bir pomidor bizim uşaqlara atılan növbəti raketin alınmasına töhfə verir”, - RİA Novosti agentliyində Gennadi Onişşenkonun sözlərindən rəsmi iqtibas gətirir.
"Kommersant” isə yazır ki, Rusiya yaxın vaxtlarda Türkiyə məhsullarının Rusiyaya daxil olmasının məhdudlaşdırmaq niyyətindədir. Məhdudiyyət xüsusilə kənd təsərrüfatı məhsulları və avtomobillərin ehtiyat hissələrinə aid ediləcək.
Yayılan məlumatlara görə Rusiyanın baş naziri Dmitri Medvedev artıq hökumətə 2 gün ərzində iqtisadi və humanitar sahələrdə Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlər işlənib hazırlanmasını tapşırıb. D. Medvedev bunu hökumətin iclasında deyib. O bildirib ki, tədbirlərin hansı müddətə tətbiq olunacağı göstərilməyəcək, çünki bu məsələ beynəlxalq situasiya və Türkiyə ilə münasibətlərin gedişində asılı olacaq.
D. Medvedev cavab tədbirləri haqqında qərarın 2006-cı ilin sonlarında qəbul olunmuş xüsusi iqtisadi tədbirlər haqqında qanuna uyğun olacağını söyləyib: "Orada tədbirlər paketi əksini tapıb. Bu sıraya iqtisadi əməkdaşlıq proqramlarının dayandırılması, maliyyə əməliyyatlarının, xarici ticarət sövdələşmələrinin məhdudlaşdırılması, idxal-ixrac rüsumlarının dəyişdirilməsi, turizm sahəsində tədbirlər, daşımalar, hava və su nəqliyyatının hərəkəti və humanitar əlaqələr daxildir”.
Baş nazir Türkiyəyə qarşı cavab addımlarının vahid sənəddə toplanacağını, ya prezidentin fərmanı, ya da bu fərman əsasında hökumətin qərarı şəklində olacağını vurğulayıb. Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ukyukayev isə Türkiyəyə məxsus təyyarə və gəmilərin Rusiya hava məkanı və limanlarına daxil olmasına qadağa qoyula biləcəyini açıqlayıb.
Ulyukayev hətta Türkiyəyə tətbiq olunan sanksiyalara "Türk Axını” boru xətti layihəsinin də daxil edilə biləcəyini bildirib.
Rusiyanın keçən il ilhaq etdiyi Ukraynanın Krım yarımadasındakı Rusiyaya bağlı rəhbərlik də Türkiyə ilə dəniz yolu nəqliyyatı da daxil olmaqla bütün əlaqələrin kəsiləcəyini açıqlayıb.
Onu da qeyd edək ki, Rusiya bazarındakı tərəvəzin 20 faizi Türkiyədən idxal olunur.
Türkiyə ilə Rusiya arasında təyyarə qalmaqalı futbola da sıçrayıb. Belə ki, Rusiya klublarının Antaliyada keçirəcəkləri təlimlər ləğv edilir. Rusiya Futbol Federasiyası da komandalarının yanvar ayındakı Türkiyə təlimlərini ləğv etdiklərini açıqlayıb.
Antalyaya ildə təxminən 2500 klub gəlir. Bu klubların təxminən yarısını Rusiya klubları təşkil edir. Rus klubları həm çox, həm də Antaliyada daha uzun müddət qaldıqları üçün turizm gəlirlərinin təxminən 75 faizini təşkil edirlər.