"Avropa ilə Azərbaycan arasında münasibətlərin pisləşməsindən Ermənistanın lehinə yararlanmağa çalışmalıyıq”. Baki-xeber.com-un panorama.am saytına istinadən xəbərinə görə, belə bir açıqlama ilə erməni politoloqu Hrant Məlik-Şahnazaryan çıxış edib.
Söhbətin hansı münasibət pisləşməsindən getdiyi, ümumiyyətlə belə bir faktın olub-olmadığı göstərilməyən açıqlamasında erməni politoloqu deyib ki, qurumun yanvar sessiyasında dinlənilməsi planlaşdırılan iki "antierməni” məruzənin qarşısına çıxarmaq üçün Ermənistan ciddi vasitələr tapmalıdır. Sərsəng su anbarı ilə bağlı ictimai rezonansın yaranmasına diqqət çəkən ekspert AŞPA Komitəsinin dünənki iclasında Militsa Markoviçin "Azərbaycanın sərhəd rayonları məqsədli şəkildə içməli suya həsrət qoyulub” adlı məruzəsini, həmçinin, onun təbirincə desək, qurumun "azərbaycanyönümlü” deputatı Robert Uolterin 4 noyabr tarixli "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal altındakı rayonlarında zorakılığın artması” məruzələrinin şərh edərək, ölkəsini təcili tədbirlər görülməsinə çağırır. Bu məqsədlə erməni politoloqu bildirir:”Yanvar sessiyasında iki antierməni məruzə müzakirə olunan zaman AŞPA-dakı Ermənistan nümayəndə heyəti Avropa ilə Azərbaycan arasında bu gün yaşanan gərginlikləri gündəmə gətirməklə və Azərbaycandakı problemlər barədə yüksək səslə bəyan etməklə duruma əks-təsir göstərə bilər”. Erməni ideoloqu onu da xüsusi olaraq qeyd edir ki, sessiyada Azərbaycana qarşı böyük "müzakirə dalğası” yaradılarsa, sözügedən " antierməni” məruzələr qəbul olunmaya bilər.
Bu açıqlamada çox maraqlı məqam diqqət çəkir. Yəqin diqqətli oxucunun da nəzərindən yayınmadı ki, erməni ideoloqu elə ilk cümlələrində özü-özünü təkzib edir. Bir tərəfdən Avropa ilə Azərbaycanın guya münasibətlərinin pisləşdiyini sevincək bəyan edir, Ermənistanın bundan yararlanmalı olduğunu bildirir, digər tərəfdən Avropa Şurasında Azərbaycana dəstək xarakterli məruzələrin səslənməsindən duyduğu əndişəni gizlədə bilmir, özü də öz fikirlərində dolaşığa düşərək çıxış yolları axtarır. Maraqlı olan digər məsələ Məlik-Şahnazaryanın Azərbaycandakı problemləri qabartmaq çağırışıdır ki, bu yerdə ona sadəcə öz ölkəsinə nəzər salmaq tövsiyə oluna bilər. Lakin ən maraqlısı onun fürsətdən yararanmaq, Azərbaycan haqqında yüksək səslə yalanlar yağdırmaq kimi çağırışları ilə erməni xislətini artıq çəkinmədən gözlər önünə sərməsidir. Bütün bunlar isə dolayısı ilə ermənilərin əslində situasiyanın fərqində olduğu və yanvar sessiyasının onlara yaxşı heç nə vəd etmədiyinin etirafı kimi də qəbul oluna bilər. Elə bu səbəbdən də bu erməni başbiləni ölkəsinin AŞPA-dakı nümayəndə heyətinə bu vaxta qədər səsləndirdikləri absurd ittihamların "barıtını çox qoymağı” məsləhət görür.