Baki-xeber.com xəbər verir ki, "Ria Novosti” S-400 sisteminin bu səhər Rusiya Hərbi Hava Qüvvələrinin Suriyadakı mərkəzi olan Lazkiyedəki Hmeimim bazasına yerləşdirildiyini bildirir.
Bir neçə gün əvvəl Rusiya Müdafiə Nazirliyi uzun və orta mənzilli raketlərlə havadakı hədəfləri 400 kilometrə qədər vurmaq gücünə malik hava müdafiə sistemi olan S-400 sisteminin Suriyaya yerləşdirilməsini təklif etmişdi. Rusiya prezidenti Vladimir Putin də bu təklifi dəstəkləmişdi.
Ekspertlərin fikrincə, S-400 sisteminin radiusu bütün Suriyanı əhatə edəcək. Ruslar bununla Suriya üzərindəki hava sahəsinə nəzarəti tam ələ keçirəcək. Bu, Türkiyə və ya NATO-nun digər ölkələrinin Suriya hava sahəsində uçan bütün təyyarələrinin yalnız və yalnız Rusiyanın icazəsilə uçabiləcəyi mənasına gəlir.
Digər tərəfdən, ekspertlərin fikrincə, S-400-lərin bölgədə yerləşdirilməsi İŞİD-ə qarşı yönəlməyib. Çünki İŞİD-in vurulacaq təyyarəsi yoxdur. Moskva bununla daha çox Türkiyənin sərhəd boyu uçuşa yasaq bölgə planını önləmək istəyir.
NATO və ABŞ da S-400 sisteminin Suriyaya yerləşdirilməsinin "terrorla mübarizədə fayda gətirməyəcəyini" deyirlər. ABŞ-ın Moskva səfirliyi bu addımın Suriyada onsuz da çətin olan vəziyyəti daha da gərginləşdirəcəyini bildirib. ABŞ-ın fikrincə S-400 raketlərinin Suriyaya yerləşdirilməsi İŞİD-lə mübarizəyə o qədər də fayda verməyəcək. Səfirlik rəsmisi bildirir ki, Rusiya İŞİD-lə həqiqətən də mübarizə aparmaq istəyirsə uçuş təhlükəsizliyi mövzusundakı razılaşmaya sadiq qalmalı və bu sistemi (S-400) koalisiya təyyarələrinə qarşı çevirməməlidir.
Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi Suriyadakı hava əməliyyatlarını dəstəkləmək məqsədilə 10-12 ovçu təyyarəsini Suriyaya göndərməyi planlaşdırır. "Kommersant” hərbi mənbələrə istinadən bildirir ki, Suriyadakı 24 bombardmançı təyyarənin hər birinə bir ovçu təyyarəsi yoldaşlıq edəcək. Bu məqsədlə Rusiya Suriyaya 10-12 ovçu təyyarəsi göndərməyə hazılaşır.