"Türkiyə şüurlu şəkildə Rusiya ilə münasibətləri çıxılmaz vəziyyətə salır. Buna görə təəssüf edirik”. APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, rəsmi Ankara Su-24 təyyarəsinin vurulması ilə əlaqədar hələ də Moskvadan üzr istəməyib: "Su-24 təyyarəsinin vurulması sağlam məntiqə və beynəlxalq hüquqa ziddir. Təyyarə Suriya ərazisi üzərində vurulub. Biz hələ də hadisə ilə bağlı açıq üzrxahlıq, zərərin əvəzinin ödənilmə təklifi və baş verən hadisəyə görə kimlərisə cəzalandırma niyyəti barədə eşitməmişik”.
Rusiya prezidenti baş verən hadisəni terror əleyhinə mübarizədə tərəfdaş hesab etdikləri şəxslərin arxadan vurulan zərbəsi kimi qiymətləndirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskva hələ də rəsmi Ankaradan Rusiyanın Su-24 bombardmançı təyyarəsinin vurulması ilə bağlı izahat gözləyir.
Onun sözlərinə görə, Rusiya Türkiyədən real izahat istəyir: "Şübhəsiz ki, ikitərəfli əlaqələrimizə vurulan bu sarsıdıcı zərbəni aradan qaldırmaq çox çətin və ağırdır. Bu, qaçılmaz nəticələri olacaq çox ciddi hadisədir. Bununla yanaşı, tərəfdaşlıq, qarşılıqlı fayda təmin edən və perspektivli olan ikitərəfli əlaqələrimizi çox qiymətləndirirdik”.