Son günlərdə şimal qonşumuzun atdığı addımlar sayəsində dünyanın diqqət mərkəzində olan məqamlardan biri də Rusiyanın Xəzərdəki hərbi qüvvələri ilə bağlıdır. Bu ərazidən Suriyada İŞİD mövqelərinə birbaşa zərbə endirilməsi Moskvanın dənizdə kifayət qədər güclü hərbi qüvvəyə malik olduğunu bir daha nümayiş etdirdi.
Xatırladaq ki, Rusiyanın Xəzər Dəniz Donanmasının 4 gəmisi Suriyadakı İŞİD yaraqlılarının mövqelərinə 26 raket zərbəsi endirib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirir ki, bütün hədəflər məhv edilib: "Yaraqlıları məhv etmək üçün, aviasiya ilə yanaşı, Xəzər donanmasının gəmiləri də əməliyyata cəlb olunub. 4 raket kreyseri 11 hədəfə qanadlı raketlərdən 26 zərbə endirib. Bu zərbələrin nəticələri daha uzaq məsafələrə - təxminən 1500 kilometr məsafəyə hesablanan raketlərin effektivliyini bir daha göstərdi". Lakin Xəzər təkcə buradakı hərbi gəmilər baxımından Rusiya üçün vacib əhəmiyyət kəsb etmir.
Məsələ bundadır ki, Rusiyanın Suriyaya göndərdiyi hərbi avadanlıq Xəzər dənizi üzərindən çatdırılır. "Eurasianet.org" saytı da yazır ki, Rusiyadan Suriyaya altı "Su-34" bombardmançı təyyarə Xəzərdən keçməklə uçub. Təyyarələr Azərbaycan sərhədinə paralel şəkildə Xəzərin üzərindən keçərək İranın hava məkanına daxil olub, daha sonra marşrut İraq ərazisindən keçməklə davam edib. Xatırladaq ki, Birləşmiş Ştatlar Rusiya və Suriya arasında yerləşən ölkələrin Rusiyanın hərbi uçuşlarına hava məkanını bağlamasına çalışıb və Bolqarıstan buna əməl edib. Öz növbəsində Türkiyə də uçuşlara icazə vermir. Elə bu səbəbdən Moskva yenə diqqəti məhz Xəzərə yönəldib. Kreml artıq burada hərbi mövqelərini daha güclü hala gətirməyi düşünür.
Rusiyanın Cənub Hərbi dairəsinin mətbuat xidmətindən bildirilib ki, Qara dəniz və Xəzər hərbi donanmaları 10-dan artıq yeni silah və hərbi texnika, o cümlədən raketdaşıyıcı və keşikçi gəmiləri, həmçinin sualtı qayıqlar alacaq: "Qara Dəniz və Xəzər hərbi donanmalarının tərkibinə 10-dan artıq ədəd hərbi texnikanın, o cümlədən "Admiral Qriqoryeviç" və "Admiral Essen" keşikçi gəmiləri, "Zelyonıy Dol" və "Serpuxov" kiçik raketdaşıyıcı gəmiləri, həmçinin patrul və çoxtəyinatlı gəmilər, "Krasnodar" sualtı qayığı, Ka-27m helekopteri və digər avadanlıqların alınması nəzərdə tutulur". Bütün bunlar Rusiyanın Xəzər dənizində hərbi mövqelərinin daha da güclənməsi ilə müşayiət olunacaq. Hazırda Rusiyanın Xəzərdə 15 müasir hərbi gəmisi var. Bu hərbi gəmilər düşmən hədəflərini asanlıqla məhv etməyə qadir olan və böyük dağıdıcı güc hesab edilən "Bastion" raket kompleksləri və "Yaxont" qanadlı raketləri ilə təchiz edilib. 2020-ci ilə kimi Rusiya Xəzər hərbi dəniz donanmasının istifadəsinə daha 20 hərbi gəmi verməyi planlaşdırıb.
Xəzərin belə hərbləşməsi isə təhlükəli sayılır. Məsələn, bu hal "Transxəzər" üçün təhdid yaradır. Ekspertlər isə hesab edir ki, Azərbaycanın Qərbin iri enerji şirkətləri ilə "Şahdəniz" yatağının növbəti mərhələsini işləməyə hazırlıq görməsi də Moskvanı qıcıqlandırır. Çünki bu, Qərb şirkətlərinin Xəzərdə enerji mövqelərinin daha da möhkəmlənməsi deməkdir. Elə bunun nəticəsidir ki, Xəzərdə hərbi cəhətdən güclənməklə Kreml burada, lazım gələrsə, əsgəri güc hesabına da olsa, destabil bir durum formalaşdırmaq istəyir. Digər tərəfdən, Rusiyanın addımları Xəzərdə silahlanma yarşını başladır. Artıq İran da dənizdə gücünü artırır. Hazırda İran Xəzərdə 90 ədəd müxtəlif təyinatlı hərbi dəniz qüvvəsinə malikdir. Onlar arasında düşmən hədəfini istənilən anda məhv etməyə qadir müasir raket kompleksləri ilə təchiz edilən müxtəlif katerlər, sualtı və suüstü gəmilər var. Digər sahilyanı ölkələr də adekvat addımlar atmaq məcburiyyətindədir.
Onu da xatırladaq ki, Xəzər dənizi üçüncü dövlətlərin silahlı qüvvələri üçün bağlı elan olunub. Xəzərin hüquqi statusuna dair Konvensiya beş sahilyanı dövlətə məxsus olmayan hər hansı silahlı qüvvələrin burada yerləşməsini qadağan edir. Bu barədə razılaşma isə hələ ötən il Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan xarici işlər nazirlərinin Moskvadakı son görüşü zamanı əldə olunub. Bu səbəbdən sahilyanı ölkələr dənizdə maraqlarını qorumaq üçün yalnız öz hərbi qüvvələrinə bel bağlaya bilər.