Azay Quliyev: "Buna qarşı çıxmaq anormallıqdır, qəbuledilməzdir"
Mirvari Qəhrəmanlı: "İşçi Qrup fəaliyyətini dayandırmayacaq"
Novella Cəfəroğlu: "İşçi Qrup məhbusların vəziyyətini yaxşılaşdırmağa, problemli məhbusları xilas etməyə xidmət edən mexanizmdir"
"İnsan haqları üzrə İşçi Qrup Avropa Şurasının nümayəndəsi olmadan da fəaliyyətini davam etdirəcək. Azərbaycanda yaradılmış, qeyri-hökumət təşkilatları, dövlət nümayəndələri, parlament üzvlərindən ibarət olan İşçi Qrup fəaliyyət göstərir, əminəm ki, bundan sonra da göstərəcək".
Bunu Azərbaycanın AŞPA yanında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurasının baş katibi Yaqlandın Azərbaycanda insan haqları üzrə fəaliyyət göstərən işçi qrupunda onun nümayəndəsinin iştirak etməyəcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
Millət vəkili əlavə edib ki, mətbuatda AŞ-nin Azərbaycanla əlaqələrini kəsməsi barədə məlumatlar dərc edilir, lakin bu fikirlər həqiqəti əks etdirmir: "Sadəcə, bu işçi qrupun işində Avropa Şurası baş katibinin nümayəndəsi də iştirak edirdi və biz çox təəssüflənirik ki, cənab Yaqland belə bir bəyanat verərək nümayəndəsinin işçi qrupda iştirakının qarşısını aldı. Bununla Avropa Şurası özünə böyük bir zərbə vurdu. Ona görə ki, bu işçi qrupu biz Avropa Şurası üçün yaratmamışıq. Bu bizim təşəbbüsümüzdür. İşçi qrup Azərbaycanda insan haqları ilə bağlı məsələləri araşdırıb həll etmək istiqamətində xeyli iş görüb. Qısa müddətdə QHT-lər tərəfindən narahatlıqla qarşılanan 16 nəfər həbsdən azad olunub, bir nəfərin cəza müddəti xeyli azaldılıb. Xeyli şəxsin hüquqlarının təmin olunması ilə bağlı məsələlərinin artıq həll olunması istiqamətində işlər gedirdi və gedir".
Milli Məclisin deputatı, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Azay Quliyev Avropa Şurasının baş katibi T.Yaqlandın Nazirlər Komitəsinin Azərbaycanda insan hüquqları üzrə birgə işçi qrupdan öz nümayəndəsinin geri çağırılması barədə qərarına münasibət bildirərkən dedi ki, Avropa Şurasının baş katibi Yaqlandın verdiyi açıqlama doğrudan da bizdə təəccüb doğurdu, çünki belə bir qurumun baş katibinin Azərbaycanda dialoqa, əməkdaşlığa və tərəfdaşlığa qarşı çıxması normal hal sayıla bilməz: "Avropa Şurasının və ümumiyyətlə beynəlxalq təşkilatların, əməkdaşlıqla və tərəfdaşlıqla məşğul olan və bu prinsipi əsas tutan, cəmiyyətdə daim harmoniyanı, ictimai barışı təbliğ edən qurumların nümayəndələrinin belə bəyanat verməsi doğrudan da təəssüf hissi doğurur. Bu belə bir anlamda qəbul olunur ki, bu adamlar doğrudan da öz mandatlarını mənfi istiqamətə, dialoqa, ictimai anlaşmaya, ictimai barışa qarşı, insan haqlarının müdafiəsinə deyil, tam əksinə, insan haqlarının müdafiəsi istiqamətində atılan addımlara qarşı istifadə edirlər. Bu, təbii ki, çox üzücüdür, mən bunu çox yanlış hal hesab edirəm".
A.Quliyev hesab edir ki, Avropa Şurası belə bir addım atmaqla əsl mahiyyətini bir daha göstərmiş oldu: "O ki qaldı bunun səbəblərinə, bu gün təəssüflər olsun ki, antiazərbaycan qüvvələri fəallaşıblar, öz fəaliyyətlərini koordinasiya ediblər. Şübhə etmirəm ki, Torbyorn Yaqland da məhz bu təsir altında, həmin antiazərbaycan qüvvələrinin və şəbəkənin bilavasitə təlimatı ilə belə bir əsassız addım atıb. İnsan Haqları üzrə İşçi Qrup çox məhsuldar fəaliyyətləri ilə yadda qalıb. Bu qrup çox mühüm işlər görüb. Məsələn, 2005-ci ildə yaranan İşçi Qrup qısa müddət ərzində özünü göstərib. İşçi qrupun təklifi ilə 150-ə yaxın məhkum azad edilib. 2014-cü il oktyabrın 22-də fəaliyyəti bərpa olunduqdan sonra da təxminən 16 nəfər məhkumun azad olunması, bir nəfərin isə cəza müddətinin aşağı endirilməsi ilə bağlı İşçi Qrupun təklifləri nəzərə alınıb. Azərbaycanda çox yaxşı dialoq mühiti formalaşıb. Buna qarşı çıxmaq anormallıqdır, qəbuledilməzdir".
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə hesab edir ki, İşçi Qrup Azərbaycana aid qurumdur və onun tərkibində başqa təşkilatın nümayəndəsinin iştirak etməməsi problem yaratmır:
"Avropa Şurası İnsan Haqları üzrə Azərbaycanla birgə İşçi Qrupdan çıxsa da, İşçi Qrup fəaliyyətini dayandırmayacaq. İşçi Qrup Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Prezident İlham Əliyevlə görüşündən sonra yaradılmışdı. Ona görə birgə İşçi Qrup adlanırdı. Avropa Şurasının insan haqları üzrə nümayəndəsi isə orada müşahidəçi qismində iştirak edirdi. Amma İşçi Qrupun işi yalnız siyasi məhbuslarla məşğul olmaq deyil, bütövlükdə ölkədə insan haqlarının vəziyyətini qiymətləndirməkdir. Bu qrupun fəaliyyəti nəticəsində 16 nəfər siyasi məhbus azadlığa buraxılıb. Avropa Şurası təmsil olunmursa, İşçi Qrup öz işini niyə dayandırmalıdır?".
İşçi Qrupun üzvü Novella Cəfəroğlu da bu qənaətdədir ki, Avropa Şurasının Birgə İşçi Qrupla əməkdaşlığı dayandırması xoşagələn hal deyil, amma buna baxmayaraq, qurum olaraq fəaliyyət davam etdiriləcək.
Onun sözlərinə görə, Şuranın əməkdaşlığı dayandırmasının səbəblərinə aydınlıq gətirməyə çalışacaqlar. N.Cəfəroğlu İşçi Qrupu vasitəsilə həbsdə olan problemli, eləcə də digər məhbusların taleyinə müsbət mənada təsir etməyin mümkünlüyünü vurğuladı: "İşçi Qrup məhbusların vəziyyətini yaxşılaşdırmağa, problemli məhbusları xilas etməyə xidmət edən mexanizmdir, odur ki, bu mexanizmin fəaliyyətini davam etdirmək düşüncəsindəyik".
İlk dəfə işçi qrup 2003-cü ildə yaradılıb. Qurum 2003-2005-ci illərdə fəaliyyət göstərib. O zaman qrupun tərkibi hüquq-mühafizə və hüquq müdafiəçiləri təmsilçilərindən ibarət idi.
2005-ci ildən sonra qrupun nəzərəçarpan elə bir ciddi fəaliyyəti olmayıb.
Birgə İşçi Qrup məsələsi bir də bu ilin aprelindən aktuallıq kəsb etməyə başlayıb. Bu qrupun tərkibinə hökumət, hüquq müdafiəçiləri və Avropa Şurası təmsilçiləri daxil idi.
Məhəmmədəli QƏRİBLİ