Məlum olduğu kimi, oktyabrın 8-də Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XVIII iclası keçirilib. İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın təhlükəsizlik və xüsusi xidmət orqanlarının nümayəndə heyətləri iştirak edib. Dünyada və regionda təhlükəsizliyə, sabitliyə qarşı yönəlmiş ümumi təhdidlərin, ilk növbədə terrorçuluğun və dini ekstremizmin yayılmasının qarşısının alınması istiqamətində tərəfdaş xüsusi xidmət orqanları ilə əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi məqsədilə tədbirə müşahidəçi qismində Rusiya, Ukrayna və Gürcüstanın müvafiq strukturlarının yüksək vəzifəli nümayəndələri də qatılıb.
Tədbirdə transmilli mütəşəkkil cinayətkarlıqla, o cümlədən beynəlxalq terrorçu və dini-ekstremist təşkilatlara qarşı mübarizədə əməkdaşlığın fəallaşdırılması və təkmilləşdirilməsi yolları, həmçinin müxtəlif təhdid və cinayətlər barədə əməliyyat məlumatı mübadiləsi və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Prezident İlham Əliyev də Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 18-ci iclasının iştirakçılarını qəbul edib. Prezident bildirib ki, iştirakçı ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəsizliyin möhkəmləndirilməsinə, risqlərin minimallaşdırılmasına böyük diqqət yetirilir: "Müasir dünyada heç bir ölkə öz təhlükəsizliyini təkbaşına tamamilə həll edə bilməz. Biz hamımız bir-birimizə bağlıyıq. Bu şəraitdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərin həllinin vacibliyində operativ informasiya mübadiləsi, birgə səylərlə qarşılıqlı dəstək xüsusi əhəmiyyət kəsb edir. Bu bütün zamanlarda vacib amil olub, bugünkü dünyada isə xüsusilə vacibdir".
Bütövlükdə, türkdilli dövlətlərin kəşfiyyat orqanlarının birgə əməkdaşlığı terrorizmlə mübarizədə, bu ölkələrə yönəlik terror təhlükələrinin qarşısının alınmasında necə rol oynaya bilər?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, türkdilli dövlətlərin kəşfiyyat orqanlarının bu tip görüşlər keçirməsi müsbət dəyərləndirilməlidir: "Hesab edirəm ki, belə bir görüşün keçirilməsi əhəmiyyətli hadisədir. Ona görə ki, son vaxtlar dünyada geosiyasi vəziyyətin kəskinləşməsi terror risqlərini artırır. Yaxın Şərqdə baş verən dəhşətli hadisələr terrorun nə qədər qorxunc tendensiya olduğunu bir daha ortaya qoydu. Nəzərə alsaq ki, sözügedən region coğrafi baxımdan bizə yaxındır, o zaman terror risqlərini dəyərləndirməmək olmaz. Bütövlükdə, terrorizmlə mübarizədə türkdilli dövlətlərin daha sıx əməkdaşlıq etməsinə ehtiyac var. Çünki terror elə bir təhlükədir ki, təkcə bir ölkə bunun öhdəsindən gələ bilməz. O baxımdan dövlətlərin bu sahədə əməkdaşlığına ehtiyac var. Xüsusi xidmət orqanlarının timsalında terrorizmlə mübarizə məsələsində daha çox informasiya mübadiləsinə ehtiyac var. Çünki bu kimi informasiyalar terror risqlərinin qarşısının alınmasında daha çevik qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaradır. Ona görə də türkdilli dövlətlərin kəşfiyyat orqanlarının bu yöndə əməkdaşlığının müsbət nəticə verəcəyi qənaətindəyəm".
Vidadi ORDAHALLI