Enerji bazarlarında baş verən proseslərə geosiyasi maraqların təsiri həmişə əsas faktorlardan biri olub. Bu hal Avropa, Türkiyə bazarlarına təbii qaz nəqli ilə bağlı son hadisələr fonunda özünü daha aydın surətdə nümayiş etdirməyə başlayıb. Hər halda, Rusiya və Türkiyə arasında mövcud münasibətlərin qaz sövdələşməsinə təsirinin getdikcə artması da bunu təsdiqləyir. Hətta iş o yerə gedib çıxa bilər ki, Türkiyə "Türk axını" kəmərindən belə imtina edər. Türkiyə "Mavi axın" boru xətti vasitəsilə qaz alışı üçün Moskvaya müraciət edib. Rusiya isə bundan imtina edir və bilir ki, bu təklifi qəbul etsə, "Türk axını" qəti şəkildə tarixə qovuşacaq.
Elə bu səbəbdən "Qazprom" şirkəti Türkiyənin "Mavi axın" boru xətti vasitəsilə əlavə 3 milyard kubmetr qaz almaq istəyini qəbul etməyib. "Qazprom"un rəhbəri Aleksey Miller qeyd edib ki, Rusiya ilə Türkiyə təxminən iki il əvvəl bu barədə razılığa gəlib: "Lakin biz əlavə olaraq 2 milyard kubmetr qazı "Türk axını" boru xətti ilə nəql edə bilərik". Qeyd edək ki, "Mavi axın" Rusiyadan Türkiyəyə Qara dənizdən keçməklə qaz nəqlini nəzərdə tutan boru xəttidir. Boru kəmərinin uzunluğu 1 200 kilometrdir. "Mavi axın" layihəsi ilə bağlı razılaşma Ankara ilə Moskva arasında 1997-ci ildə 25 illiyə imzlanıb. Boru kəməri Türkiyəyə ildə 16 milyard kubmetr qaz ötürmə gücünə malikdir. Türkiyə bu boru xətti ilə 2003-cü ildən qaz alır.
Aleksey Miller isə hesab edir ki, siyasi amillər "Türk axını" qaz boru kəməri (Turkish Stream) layihəsi ilə bağlı Rusiya və Türkiyə arasındakı hökumətlərarası sazişə təsir etməyəcək. O bildirib ki, hökumətlərarası saziş üzrə işlərə başlanıb. Layihənin həyata keçirilməsi üçün boru kəmərinin gücü və cədvəllərlə bağlı konkret detallar üzrə danışıqlar davam edir. Hər hansı faktorlar razılaşmanın mətni üzərindəki işlərə təsir etməyəcək. Lakin "Qazprom" "Türk axını" qaz boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına qərar verib. Əvvəllər "Türk axını" layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Bu həcmin 47 milyard kubmetrinin Avropanın, 16 milyard kubmetrinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı.
İndiki durumda isə Rusiyanın Suriya əməliyyatı Türkiyənin və Səudiyyə Ərəbistanının Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmağa yönələn çoxillik səylərini, demək olar ki, heçə endirir. Yaxın Şərq boyu yayılan sünni-şiə qarşıdurmasında Rusiyanın şiələrin müttəfiqinə çevrilməsi də Ankara-Moskva yaxınlaşmasına zərbə vurub. Suriyada başladığı hava əməliyyatları ilə Türkiyənin Suriya siyasətinə böyük zərbə vuran Moskva Ankaranı şoka salacaq daha bir addım atıb. Mlumatlar dolaşır ki, Rusiya kürdlərə Suriyanın şimalında muxtariyyət söz verib. Ankara isə bunun qəti əleyhinədir. Amma Rusiyanın Suriyada yaxın əməkdaşlığı proseslərin bu istiqamətdə getdiyini göstərir. Artıq Rusiya, Dəməşq rejimi və PKK terror təşkilatının Suriya qolu olan PYD-nin hərbi qanadı sayılan YPG Suriyanın şərqində əməliyyatların koordinasiya edilməsi barədə razılaşıb. Livanda dərc olunan "Əl Ahbar" qəzeti yazır ki, YPG ilə Dəməşq arasında danışıqlarda vasitəçiliyi Rusiya edib. Xəbərdə bildirilir ki, Rusiya, Suriya və YPG-nin yer aldığı birgə qərargahın qurulması üçün iş aparılır. Məlumata görə, üç tərəfin koordinasiyası ilə keçiriləcək əməliyyatlarda 20 minə qədər kürd silahlısı iştirak edəcək. İrəli sürülən müxtariyyət iddiasından sonra Rusiya və Türkiyə arasında münasibətlərin daha da gərginləşəcəyi təxmin edilir.
Məhz bu fonda Türkiyə və Rusiya arasında qaz anlaşması da, çətin ki, həyata keçsin. Onsuz da "Qazprom" "Türk axını" qaz boru kəməri layihəsinin bir il gec həyata keçirilməsini istisna etmir. "Qazprom"un vitse-prezidenti Aleksandr Medvedyev layihənin bir il gec reallaşdırılması ilə hər hansı bir pis hadisənin baş verməyəcəyini bildirib. O, Rusiya ilə Türkiyə arasında hökumətlərarası sazişin imzalanmasının vaxtının "Qazprom"dan asılı olmadığını qeyd edib: "Türkiyədə hökumətin formalaşması üçün müəyyən vaxt lazımdır, əvvəlcədən nə isə demək çox çətindir". Buna rəğmən xatırladaq ki, Rusiya bombardmançılarının Türkiyə hava sahəsinə daxil olmasından sonra prezident Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq edib ki, Moskva onun ölkəsinə qarşı bu cür təcavüzkar addımları davam etdirsə, çox şey itirəcək. Ərdoğanın sözlərinə görə, Türkiyə Rusiya qazından imtina edə və Akkuyuda Rusiya layihəsi əsasında atom elektrik stansiyasının tikintisi planından daşına bilər. Aydındır ki, bu fonda Türkiyə prezidenti əsasən Azərbaycan və İran qazına ümid edir. İrana qarşı beynəlxalq sanksiyaların ləğvindən sonra bu ölkədən Avropaya qaz ixracına olan maneələr aradan qalxacaq. İran qazı üçün əsas tranzit ölkə hazırda Türkiyədir. Eləcə də İran Azərbaycan qazını Türkiyəyə nəql edəcək TANAP kəmərinə maraq göstərir. Digər tərəfdən, Türkiyə Rusiya qazından imtina etsə, Azərbaycan qazı üçün sərfəli bazar açılmış olacaq. TANAP kəməri ilə 2018-ci ildən etibarən "Şahdəniz-2" yatağından ildə 16 milyard kubmetr qazın Türkiyəyə çatdırılması nəzərdə tutulub. Bu həcmin 6 milyard kubmetri aşağı qiymətlə Türkiyənin daxili tələbatına yönəldiləcək. hər halda, proseslər Türkiyənin Azərbaycandan daha çox qaz alacağını istisna etmir.
Tahir TAĞIYEV