"Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupunda AŞ-nin iştirakının ləğv olunması barədə qərarı bir daha göstərir ki, onların məqsədi insan hüquqlarının qorunması deyil”. Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.
O, qeyd edib ki, əgər onların məqsədi doğrudan da insan hüquqlarının qorunması olsaydı, Azərbaycanda Ermənistan tərəfindən haqqı tapdalanan bir milyondan artıq qaçqın və məcburi köçkünün olmasına münasibət bildirərdilər: "Ancaq onlar bunu dilə gətirmirlər. Azərbaycana xəyanət edən, Azərbaycanın mənafeyini satan adamları dəstəkləyirlər, kim ki, onlarla saxta yolla əməkdaşlıq edir, onların təsiri altına düşür, onlardan Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Beləliklə, əslində onlar özləri beynəlxalq hüququ pozurlar”.
T.Rzayev vurğulayıb ki, Avropa Şurasında erməni lobbisinin təsirində olan qüvvələr var, digər tərəfdən, Azərbaycanı istəməyən, Azərbaycana təzyiq etmək istəyən qüvvələr var: "Onlar istəyirlər ki, Azərbaycana öz dediklərini etdirsinlər, ancaq görəndə ki, bu, mümkün deyil, Azərbaycan bunu qəbul etmir, bu cür çirkin yollara əl atırlar. Ermənistanda uzun müddətdir mitinqlər keçirilir, yüzlərlə insan tutulub, saxlanılıb, ancaq buna göz yumurlar”.
O bildirib ki, Azərbaycana qarşı ikili standartlara baxmayaraq, Azərbaycan həmişə əməkdaşlığa hazır olduğunu bildirib: "Ancaq onlar belə hərəkətləri ilə bu əməkdaşlığa zərbə vururlar, ancaq öz bildiklərini edirlər”.
Millət vəkili əlavə edib ki, bu qərarın qəbul edilməsinin səbəblərindən biri də qarşıdan gələn parlament seçkiləridir: "Azərbaycanda seçkilər və digər mühüm tədbirlər ərəfəsində onlar ölkəmiz haqqında mənfi rəy yaratmağa çalışırlar. Seçkilər hələ keçirilməyib, ancaq indidən seçkilərin saxta keçirilməsi barədə məlumat yayırlar, digər ölkələri Azərbaycanda seçkiləri müşahidə etməməyə çağırırlar. Bütün bunlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”.
Avropa Şurası Azərbaycana qarşı əsl simasını göstərdi
Milli Məclisin deputatı Rauf Əliyev isə Avropa Şurasının baş katibi T.Yaqlandın Nazirlər Komitəsinin Azərbaycanda insan hüquqları üzrə birgə işçi qrupundan öz nümayəndəsinin geri çağrılması barədə qərarına münasibət bildirərkən deyib ki, Yaqlandın qərarı bu təşkilatın Azərbaycana qarşı əsl mövqeyini ortaya qoydu.
R.Əliyev bildirib ki, bu, Avropa Şurası tərəfindən Azərbaycana qarşı yönəlmiş qarayaxma kampaniyasında növbəti bir addımdır: "Bu ilin iyun ayında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında "Azərbaycanda demokratik təşkilatların fəaliyyəti” adlı hesabat müzakirə edildi və Azərbaycana qarşı heç bir hüquqi əsası olmayan qərəzli bir qətnamə qəbul olundu. Qurum Azərbaycana qarşı heç bir hüquqi əsası olmayan qərəzli bir qətnamə qəbul etdi. Avropa Şurasının baş katibi tərəfindən qəbul olunmuş bu qərar isə Avropa Şurasının üzv ölkələrə münasibətdə nə qurumun vəzifələri ilə, nə də öhdəlikləri ilə bir araya sığmır".
Deputat bildirib ki, Avropa Şurasının doğrudan da insan hüquqları ilə bağlı narahatlığı varsa, qurum birinci növbədə Avropanın özündə, Yaxın və Orta Şərqdə nələr baş verdiyinə diqqət yetirməlidir: "Avropa siyasi inistutlarının, o cümlədən Avropa Şurasının seyrçi mövqeyi nəticəsində Qərbin ərəb dövlətlərində yaratdıqları xaos, dağıntılar, vətəndaş müharibələrindən canlarını qurtararaq Avropaya pənah gətirmiş 100 minlərlə qaçqınların taleyi, onların elementar insan hüquqları heç kimi maraqlandırmır. Avropa Şurası birinci növbədə bu insanların hüquqları barədə düşünsün. Çox maraqlıdır ki, Azərbaycana qarşı olan qüvvələr adətən mühüm dövlət tədbirlərinin keçirilməsi ərəfəsində fəallaşırlar. Qarşıdan Parlament seçkiləri gəlir. Bu qüvvələrin niyyəti seçki prosesinə, onun nəticələrinə əvvəlcədən kölgə salmaqdır. Ancaq bu cəhdlər əbəsdir".
R.Əliyev sonra qeyd edib ki, Azərbaycanda siyasi məhbus yoxdur: "Bu, Azərbaycana qarşı yönəlmiş qüvvələr tərəfindən uydurulmuş qondarma bir məsələdir. Azərbaycan müstəqil bir dövlət kimi daima öz vətəndaşlarının hüquq və azadlıqlarının təmin olunması üçün bütün tədbirləri həyata keçirərək bütün sahələrdə sürətlə inkişaf edir. Azərbaycan bu yolundan dönməyəcək".
Avropa Şurasının Azərbaycanla insan haqları üzrə birgə işçi qrupundan çıxmaq qərarı AŞ-nin Parlament Assambleyasının noyabrın 1-də keçiriləcək Azərbaycan parlamenti seçkiləri üzrə müşahidə missiyası ilə bağlı deyil. Bunu isə Avropa Şurasının kommunikasiyalar üzrə direktoru və baş katibin mətbuat katibi Daniel Holqten deyib.
AŞ-nin baş katibi Turbyorn Yaqland ötən gün təşkilatın Nazirlər Kabinetini Azərbaycanda insan haqları məsələləri üzrə birgə işçi qrupunda AŞ-nin iştirakını geri çağırmaq qərarı barədə məlumat verib. Bu barədə dünən baş katibin mətbuat xidməti məlumat yaymışdı.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov isə Trend-ə deyib ki, Azərbaycan istənilən tərəfin seçkiləri müşahidə etməsinə həmişə açıqdır: Onun sözlərinə görə, hər məsələni seçkiyə aid etmək də düzgün deyil. Artıq seçkilərə az qalıb, tərəfimizdən bu istiqamətdə fəaliyyət daim olub və indi də davam edir. Əsas məqsədimiz seçkiləri hansısa qurumların maraqlarına görə deyil, xalqımızın maraqlarına görə keçirmək, seçicilərin hüquqlarının təmin edilməsini yüksəltməkdir. Ona görə də seçki prosesinin daim təkmilləşdirilməsinin şahidi oluruq. Biz həmişə seçkilərin müşahidə edilməsi üçün şərait yaratmışıq”.