İran dini lideri Ayətullah Əli Xamneyi nüvə razılaşmasından sonra İranla ABŞ arasındakı yaxınlaşmanı dayandıran qərar verib. Baki-xeber.com xəbər verir ki, Xamneyi ABŞ-la bundan sonra müzakirələrin keçirilməsini qadağan edib.
Dini lider keçən ay ABŞ-la bundan sonra müzakirə aparılmayacağını açıqlamışdı. Bu gün isə qəti şəkildə ölkədəki danışıqlar tərəfdarlarının Qərblə müzakirələrlə İranın blokadadan qurtulacağı ümidini alt-üst edən açıqlama verib.
Xamneyinin rəsmi saytında yerləşdirilən açıqlamada "ABŞ-la müzakirələr onların iqtisadiyyatı, siyasəti, mədəniyyəti və təhlükəsizliyinə qapı açır" ifadələrinə yer verilib. Açıqlamada daha sonra bildirilir: "Bizim müzakirəçilərimiz də ehtiyatlıdır, amma amerikalılar bir iki şansı öz xeyirlərinə çevirdilər".
Xamneyinin bu addımı İran prezidenti Həsən Ruhaninin son bəyanatlarına tam ziddir. Ruhani Vaşinqtonla Suriya məsələsi də daxil hər cür mövzunu müzakirə etməyə hazır olduqlarını bildirmişdi.
Xamneyi 10 ildən çoxdur qarşı çıxdığı nüvə müzakirələrinin son 18 aylıq hissəsinə səs çıxarmasa da heç vaxt ictimaiyyət qarşısında bu müqaviləni qəbul etdiyini deməyib.