Bu arada Ukraynada döyüşən könüllü və pullu rus əsgərləri Bəşər Əsədə dəstək vermək üçün Suriyaya göndərilə bilərlər. Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya parlamentinin Müdafiə komissiyasının rəhbəri Vladimir Komoyedov açıqlama verib. Komissiya rəhbəri Ukraynada döyüşən muzdlu rus əsgərlərinin Suriyaya gedə biləcəklərini deyib.
"Rus könüllü əsgərlərinin Suriya ordusuna dəstək vermək üçün bu ölkəyə getmələri ehtimalı böyükdür. Könüllülər üçün cazibədar olan nə ola bilər? Əlbəttə ki pul..." – deyə Komoyedov bildirib.
Rusiya Federasiyasına bağlı Çeçenistan Respublikasının prezidenti Ramazan Kadırovun çeçenlərin Suriyada döyüşməyə hazır olduğunu açıqlamasının ardından Komoyedovun da bənzər bəyanat verməsi diqqət çəkir.
Müxalif Kommunist Partiyasından millət vəkili olan Komoyedov Suriya sahillərinin mühasirə altına alınması və silah-sursat daşınması üçün Qara dəniz donanmasından da istifadə edilə biləcəyini detyib. Terrorçu qrupların sahildən çox aralıda olduğuna da diqqət çəkən Rusiya rəsmilərinə görə, gəmilərdən atılan raketlərlə terror təşkilatının hədəflərini məhv etmək olar.
Kremlin Rusiyanın Suriyada yerüstü əməliyyat düşünmədiyini, Suriya ordusuna yalnız havadan dəstək verəcəyini açıqlamışdı. Ancaq rəsmilərin açıqlamalarından görünür ki, Moskva bu mərhələdə müzdlu döyüşçülərə yer verəcək.
"Interfax” gündəliyi 50 dollardan könüllü döyüşçü tapmağın da çətin olmadığını yazır.