Rusiya döyüş təyyarəsinin şənbə günü Türkiyənin hava məkanını pozmasının ardından, Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 döyüş təyyarələri xəbərdarlıq etmək məqsədilə havaya qaldırılıb.
Baki-xeber.com xəbər verir ki, Xarici işlər Nazirliyi bildirib ki, Rusiya döyüş təyyarəsi Suriya istiqamətində Türkiyənin hava məkanına daxil olub. Türkiyə isə onların qarşısına F-16 təyyarələrini çıxarıb. Bundan sonra Rusiya təyyarələri Türkiyənin hava məkanını tərk edib.
Türkiyə, Rusiya hərbi təyyarəsinin ölkənin hava məkanını pozmasına görə, Rusiya səfirliyindən izahat tələb edib. Səfir Andrey Karlov izahat üçün Türkiyə xarici işlər nazirliyinə çağırılıb. Türkiyə xarici işlər naziri Ferudin Sinirlioğlu hadisəni rusiyalı həmkarı Sergey Lavrov və NATO-dakı tərəfdaşları ilə müzakirə edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Suriyadakı hərbi əməliyyatların Rusiya-Türkiyə münasibətlərinin pisləşməsinə xidmət etməyəcəyini düşünür. İki ölkə arasında əməkdaşlığın olduqca möhkəm əsası var. Bu əməkdaşlıq hər iki tərəf üçün sərfəlidir".
Suriyadakı hərbi əməliyyatlara görə Moskva-Ankara münasibətlərinin korlanmasının mümkünlüyü barədə sualı cavablandıran D. Peskov bildirib ki, Türkiyə ilə ikitərəfli münasibətlər olduqca möhkəmdir: "O ki qaldı Rusiya təyyarəsi ilə bağlı məsələyə, həqiqətən də bizim səfir Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb, ona nota təqdim edilib. Orada müəyyən faktlar haqqında qeydlər edilib. Həmin faktlar yoxlanılacaq".
Rusiya KİV-nə açıqlama verən mənbələr də olayın baş verməsini təsdiqləyib və bildirilib ki, hadisə naviqasiya xətası üzündən baş verib.
Son günlər Türkiyə və bəzi Qərb ölkələri Rusiyanın Bəşər Əsədin tərəfindən Suriyadakı münaqişədə hərbi iştirakını pisləyib. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Moskvanın iştirakını səhv adlandırıb və bunun Rusiyanın daha çox təcridinə səbəb olacağını bildirib. Britaniya baş naziri David Kameron isə bildirib ki, Rusiya İslam Dövləti (İD) qruplaşmasına zərbələ endirmir, əvəzində "Əsədin cəlladlarına” kömək edir. BBC-ə müsahibəsində Kameron bunu "qorxunc səhv” adlandırıb və Rusiya prezidentini "kursu dəyişməyə” və İD-nə qarşı mübarizədə ABŞ və Britaniyaya kömək etməyə çağırıb.