Xəbər verdiyimiz kimi, Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Diplomatın dosyesini təqdim edirik:
Hüseyn Rzaqulu oğlu Quliyev 1946-cı il iyunun 23-də Naxçıvan şəhərində anadan olub. 1953-1965-ci illərdə Naxçıvan şəhəri 3 saylı orta məktəbində oxuyub. 1965-1970-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) mühəndis-texnoloq ixtisası üzrə təhsil alıb.
1970-1991-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı olub.
1978-1982-ci illərdə SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşaviri işləyib.
1984–1990-cı illərdə SSRİ-nin Türkiyədəki səfirliyində birinci katib-müşaviri postunu tutub.
1991-1995-ci illərdə Moskva şəhərində Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olub.
1995-1997-ci illərdə Türkiyənin “İDİL” inşaat şirkətinin Rusiya nümayəndəliyində, 1997-2007-ci illərdə Rusiyanın “Trans-nafta” şirkətinin vitse-prezident vəzifəsində çalışıb.
2007-2009-cu illərdə Azərbaycan Xarici İşlər Nazirliyində şöbə müdiri, 2009-2012-ci illərdə idarə rəisi olub.
2012-ci ildə Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İlham Əliyevin 2019-cu il iyulun 9-da imzaladığı sərəncamla, Azərbaycanın diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.
2026-cı il iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən “Mehnat şuxrati” ordeni təqdim edilib.
Evlidir, iki övladı və üç nəvəsi var.
Bir neçə ildir Özbəkistandakı diplomatik korpusun duayenidir (ağsaqqalı).
Ölkə.az