İran üzərindən sanksiyaların mümkün götürülməsi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iqtisadi təsirini gücləndirə bilər.
Bu məlumatı “Reuters” mənbələrinə və analitiklərə istinadən yayıb. Məlumata görə, SEPAH sanksiyalar boyunca neft sənayesi, tikinti, nəqliyyat, liman infrastrukturu və telekommunikasiya sahəsində geniş şəbəkə yaradıb. Hətta məhdudiyyətlər şəraitində korpus İran iqtisadiyyatına geniş təsirini saxlayıb.
ABŞ ilə əldə edilən razılaşmanın şərtlərinə əsasən, İranın neft ixracına sanksiyalar qismən yumşaldıla, yekun razılaşma bağlanacağı halda isə məhdudiyyətlər geniş miqyasda ortadan qaldırıla və ölkə 300 milyard dollarlıq iqtisadiyyatın bərpa fonduna giriş əldə edə bilər. “Reuters” yazır ki, SEPAH sanksiyalar şəraitində işləmək təcrübəsi və mövcud ticarət sxemləri sayəsində əsas mövqelərini qoruyub saxlayacaq. Bunlar fonunda İran İslam İnqilabı Keşikçiləri Korpusunda rəhbərin nümayəndəsi Abdullah Hacı Sadiqi ABŞ və İsrailə münasibətdə rejimin siyasətindən danışarkən “İsrailin məhv edilməsi” hədəfindən geri çəkilməyəcəklərini bildirib.
Hacı Sadiqi deyib: “Elə bir gün gəlməyəcək ki, biz Amerika ilə dost olaq və ya hədəflərimizdən, o cümlədən İsrailin məhv edilməsi amalından əl çəkək. Təkəbbür qüvvələri ilə düşmənçilik sona çatacaq məsələ deyil. Biz barışmaq üçün deyil, haqqımızı almaq üçün danışıqlar aparırıq”.
SEPAH rəsmisi ABŞ-a etimad göstərilməməli olduğunu iddia edərək, qarşı tərəfin öhdəliklərinin davamlı olmadığını irəli sürüb. Bununla yanaşı, o, İran İslam Respublikasının fəaliyyət və nailiyyətlərini “böyük uğurlar” kimi qiymətləndirərək onların kölgədə qoyulmamalı olduğunu bildirib. Analitiklər qeyd edirlər ki, sərt və qarşıdurma yönümlü ritorika ölkənin xarici siyasətdəki problemlərini, iqtisadi böhranı və bölgədə zəifləyən mövqeyini gizlədə bilmir.
Tahir TAĞIYEV