İsrail qüvvələri Cənubi Livandan özləri çəkilməsələr, İranın təzyiqi altında bunu etməyə məcbur olacaqlar. Xatırlanır ki, 2000-ci ildə İsrail tələsik Livanı tərk etmək məcburiyyətində qaldı və İran inanır ki, oxşar "uçuş" indi də təkrarlana bilər.
Press TV-nin məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri İsmayıl Qaaninin xəbərdarlığına görə, İsrail qoşunlarını cənubi Livandan çıxarmaqdan imtina edərsə, 2000-ci il hadisələri tezliklə təkrarlana bilər: "Əgər cənubi Livanı özünüz tərk etməsəniz, 2000-ci ilin möhtəşəm hekayəsi təkrarlanacaq, bu torpağı rüsvayçılıqla tərk etdiyiniz il... Bu gün təcavüzünüzə və işğalınıza davam etsəniz, rüsvayçılıq və məğlubiyyətlə qovulacaqsınız. Seçim sizindir". 2000-ci ilin may ayında İsrail qoşunları 1982-ci ildən bəri işğal etdikləri Livan ərazilərindən geri çəkilməyə məcbur olublar. Amma İranın xarici işlər naziri Abbas Əraqçi İsveçrədə ABŞ ilə keçirilən danışıqların ilk mərhələsinin nəticələri barədə danışarkən qeyd edib ki, Pakistan və Qətərin gərgin vasitəçilik səyləri Livan müharibəsinə son qoyulması istiqamətində mühüm irəliləyişlərlə nəticələnib: "İranın Neft və neft-kimya ixracına məhdudiyyətlər ləğv edilib, blokada götürülüb, dondurulmuş aktivlərin bir hissəsi sərbəst buraxılıb. Eyni zamanda, İran üçün irimiqyaslı yenidənqurma və inkişaf planına start verilib". Daha əvvəl Qətər və Pakistan Xarici İşlər nazirlikləri İsveçrə sammiti ilə yüksək səviyyəli komitənin iclasına dair birgə bəyanat yayaraq ABŞ-İran danışıqlarında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsini razılaşdırdığını açıqlayıb.
Qeyd edək ki, tərəflər danışıqlar üçün İsveçrənin Bürgenstok şəhərində görüşüblər, lakin ABŞ prezidenti Donald Trampın İrana zərbələr endirmək barədə təhdidlərinə etiraz əlaməti olaraq İran nümayəndə heyəti qısa müddət sonra məkanı tərk edib. Daha sonra "Al Hadath" telekanalı bildirib ki, tərəflər arasında müzakirələr vasitəçilər yolu ilə davam edib. "Axios" portalı isə bütün tərəflərin danışıqların gedişatından razı qaldığına dair məlumat yayıb.
Tahir TAĞIYEV