Ermənistanın Baş nazirliyinə namizədlər Nikol Paşinyanla Arman Tatoyan arasında İctimai Televiziyada keçirilən seçkiqabağı debat qızğın müzakirə və qarşılıqlı ittihamlarla yadda qalıb.
Arman Tatoyan deyib ki, 2018-ci ildə xalq ədalət uğrunda mübarizəyə çıxdı, lakin nəticədə nəinki uğursuzluğa düçar olanlar, həm də heç nəyə nail ola bilməyənlər hakimiyyətə gəldi. "Ölkə təkcə qorxu içində deyil, həm də bölünmə içində saxlanılır. Yalnız zəif və qorxaq lider belə davrana bilər. Baş nazir özünü müstəntiq, prokuror və hakim hesab edir. Hamı sinxron işləyir. Mitinqdə bəyanat verilən kimi dərhal cinayət işləri açılır", - deyə o əlavə edib.
Paşinyan isə Arman Tatoyanın xarici dövlət tərəfindən idarə olunan müxalifətin Avropayönlü qanadını təmsil etdiyini iddia edərək, onu zəif adlandırıb.
Paşinyan onu da deyib ki, Tatoyan İrəvanda patrul polisi alayının binasını ələ keçirən "Sasna Tsrer" silahlı qrupunun üzvlərinə yemək çatdıran Artur Sarkisyanın ölümünə görə cavab verməlidir.
O iddia edib ki, Sarkisyanın işi üzrə saxta ekspertiza aparılıb və hazırda məhkəmə prosesi davam edir. Çünki Tatoyan o vaxtlar Ermənistanın ədliyyə nazirinin müavini idi və eyni zamanda ekspertizalara cavabdeh idi. Onun ombudsman vəzifəsində də çalışdığını deyən Paşinyan bildirib ki, o, həmçinin Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı dezinformasiya yayıb.
Tatoyan isə cavabında "Müzakirənin gərgin olacağını bilirdim, ona görə də valerian gətirdim"- deyib.
Paşinyanın "Gətirmisən, iç” sözünə Tatoyan "Növbəti dəfə mənə barmağınızla işarə etməyin", - cavabını verib.
SAMİRƏ