Təbriz Musayev: “Böyük ölçüdə Aİ Ermənistana görə ağır iqtisadi yükün altına girən deyil”
Avropa İttifaqı Ermənistan hökumətinə Rusiyanın artan iqtisadi təzyiqi ilə bağlı daha çox yardım vəd edib. Bu vəziyyətdə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıb. Tərəflər Aİ-Ermənistan ticarətini artırmaq üçün xüsusi mexanizmləri də müzakirə ediblər.
Kos Rusiyanın artan iqtisadi təzyiqi qarşısında Aİ-nin Ermənistanla həmrəyliyini bir daha vurğulayıb: “Biz qısa müddətdə Aİ-nin Ermənistana dəstəyini artırmağın yollarını axtarırıq. Həmçinin Cənubi Qafqazla və region daxilində ticarət, eləcə də enerji əlaqələrini gücləndirmək, Ermənistanın yaxın qonşuluğu ilə iqtisadi əlaqələrini dəstəkləmək üçün işimizi sürətləndirəcəyik”.
Tutaq ki, Rusiya Ermənistanla iqtisadi əlaqələri kəsdi. Avroittifaq bunu real olaraq əvəzləyə, kompensasiya edə bilərmi? Məsələn, Ermənistan aqrar məhsullarının böyük hissəsini Rusiyaya ixrac edir. Aİ bunun yerini necə doldura bilər? Tərəflər arasında birbaşa sərhəd yox, dənizə çıxış yox.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Avropa İttifaqı qısa müddətdə Rusiyanı əvəz edə bilməz: “Ən azından ona görə ki, Aİ ilə Ermənistan arasında quru sərhədi yoxdur, aralarındakı məsafə yaxın deyil və s. Məsələn, Rusiya il ərzində Ermənistana 2 milyard kubmetr qaz ixrac edir. Özü də güzəştli qiymətlə. Rusiya qazı kəssə Aİ bunu necə əvəz edə bilər? Digər tərəfdən, Ermənistanda istehsal edilən aqrar məhsulların böyük hissəsi Rusiyaya ixrac edilir. İnandırıcı deyil ki, Avroittifaq həmin məhsulları idxal etsin. Düzdür, Ermənistanın əhalisi heç 3 milyon nəfər deyil. Prinspcə, Aİ kimi iqtisadi baxımdan güclü bir qurum üçün yardım edib Ermənistanı ayaqda saxlamaq çətin deyil. Ancaq düşünmürəm ki, Aİ Ermənistana görə böyük həcmdə maliyyə vəsaiti xərcləsin. Çünki Aİ 4 ildən çoxdur Ukraynaya böyük həcmdə yardım edir. Bu məsələdə bütün yük 27 üzv ölkənin üzərinə düşəməsə də, bir sıra ölkələr əsas yardım edən tərəfdir. Onsuz da Rusiyadan xammal idxalının dayanması Aİ iqtisadiyyatına mənfi təsir edir. Qurum daxilində bir sıra fikir ayrılıqları var. Belə bir şəraitdə Avroittifaqın Ermənistana Rusiyaya görə dəyən zərəri öz üzərinə götürməsi real deyil. Düzdür, buna görə Ermənistana bəzi yardımlar, güzəştlər ola bilər. Ancaq böyük ölçüdə Aİ Ermənistana görə ağır iqtisadi yükün altına girən deyil. Ermənistanın nicatı Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulmasından keçir”.
Vidadi ORDAHALLI