Rusiya hökuməti Dövlət Dumasına xarici əmlaka həbs qoyulması imkanını nəzərdə tutan qanun layihəsi təqdim edib. Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, bu qanun layihəsi Rusiyanın xaricdəki əmlakına həbs qoyulması hallarına qarşı cavab tədbiri kimi düşünülüb.
Sənəddə Rusiya məhkəmələrinə xarici dövlətlərin immunitetini "qarşılıqlı sürətdə" məhdudlaşdırmaq hüququ verilir.
Qanun layihəsində yeni təklifin Rusiya qanunverciliyini xarici ölkələrdə mövcud olan praktikaya uyğunlaşdırmaq məqsədilə irəli sürüldüyü qeyd olunub.
Hökumətin iclasında çıxış edən baş nazir Dmitri Medvedyev yeni qanun layihəsinin Rusiyaya qarşı bir sıra ölkələrdə atılmış "qeyri-qanuni addımlar fonunda aktual göründüyünü" vurğulayıb: "Bizim hökumət cavab tədbirləri görmək hüququna malik olmalıdır".
İyunun 17-də YUKOS şirkəti səhmdarlarının Moskvaya qarşı sürdükləri iddia əsasında Haaqa məhkəməsi Fransa və Belçikada Rusiya aktivlərinə həbs qoymuşdu. Bir müddətdən sonra Belçikada Rusiya aktivlərinin bir hissəsi üzərindən həbs qərarı götürüldü, lakin Moskva rəsmi surətdə aktivlərinin həbsinə öz etirazını bildirmişdi.