Məhəmməd Əsədullazadə: “Alyaskada Tramp-Putin görüşündə Donbasın Rusiyaya verilməsi razılaşdırılıb”
Tramp və Zelenskinin görüşü necə başa çatdı? Gözləntilərin əksinə olaraq, heç bir konkret nəticə əldə olunmadı. ABŞ prezidenti Donald Tramp görüşdən sonra bildirib ki, “çox məsələ müzakirə olundu, amma hələ razılaşdırılmalı çox şey var”.
Yaxın vaxtlarda ABŞ və Ukrayna ilə Rusiya arasında sazişin şərtlərini müzakirə edəcək işçi qrupların fəaliyyəti davam etdiriləcək. Nə Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması, nə seçkilər, nə də Ukraynanın ərazi güzəştlərini tanıması barədə açıq şəkildə danışılmayıb. Bütün bu məsələlər ya qapalı müzakirələrdə qalıb, ya da əvvəlki mövqelər dəyişməz olaraq saxlanılıb. Beləliklə, Trampın öz sözləri ilə desək – hərbi əməliyyatlar hələ davam edəcək.
“Proses dalana dirənib və hərbi əməliyyatlar davam edəcək”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə qeyd etdi ki, Trampla Zelenskinin görüşündən əvvəl Putin ABŞ prezidenti ilə danışıb: “Təbii ki, bu zəngdə bir növ Putin Trampı manipulyasiya edərək şirnikləndirici vədlər verib. Belə görünür ki, Alyaskada Trampla Putin görüşündə Donbasın Rusiyaya verilməsi razılaşdırılıb. İndi də Ukraynanı buna məcbur etmək istəyirlər. Hələ oktyabrda Zelenski Ağ Evə gedəndə Putin Tranpa zəng vurmuşdu. Həmin görüş də nəticəsiz başa çatdı. Görünən odur ki, Ağ Ev administrasiyası Rusiya ilə təmasdadır və Avropa İttifaqını prosesdən uzaqlaşdırmağa çalışır. Lakin Ukraynanın dayanıqlı və prinsipial mövqeyi Böyük Britaniyanın, Aİ-nin dayanıqlı dəstəyi hesabınadır. O səbəbdən ABŞ-la Rusiya Ukraynanı ərazi güzəştlərinə məcbur edə bilmir. Putinin köməkçisi Peskov da bəyan edir ki, bizim əsas tələbimiz dəyişməyib. Deyir Ukrayna Donbası təhvil verməlidir. Təbii ki, Zelenski bunu qəbul edə bilməz. Ona görə də danışıqlar nəticəsiz başa çatıb. Trampın tələbləri və vədləri absurddur. Belə məlum olur ki, Rusiya-Ukrayna müharibəsi davam edəcək. Çünki müəyyən məsələlərdə razılaşmalar olsa da, ərazi məsələsində Kiyev güzəştə getməyəcək. Rusiya da geri addım atmaq istəmir. O üzdən, proses dalana dirənib və hərbi əməliyyatlar davam edəcək”.
Vidadi ORDAHALLI