Axırıncı Florida görüşündən sonra Ukrayna üzrə danışıqların real istiqaməti ilə bağlı ciddi suallar yaranıb. Belə bir təəssürat formalaşır ki, prosesə Avropa yox, daha çox Rusiya və şəxsən Vladimir Putin yön verir. Putinin “Alyaskada razılaşdırılmış kompromislərə meylliyik” kimi açıqlamaları ilk baxışdan konstruktiv görünsə də, mahiyyət etibarilə real güzəştlərdən çox, danışıqların çərçivəsini diqtə etmək cəhdinə bənzəyir.
Bu ritorika Kremlin uzun müddətdir istifadə etdiyi taktikanın davamıdır: sülhə açıq olduğunu nümayiş etdirməklə gündəmi özü müəyyənləşdirmək.
Görüşdən sonra Avropanın prosesdəki rolu daha zəif görünməyə başlayıb. Ukrayna məsələsinin Avropa platformalarından çıxarılaraq ABŞ-Rusiya müstəvisinə keçirilməsi təəssüratı yaranır. Bu isə Moskvanın maraqlarına uyğun bir prosesdir, çünki Avropa ölkələrinin kollektiv mövqeyi Rusiyaya qarşı daha sərt və prinsipialdır. Vaşinqtonla ikitərəfli dialoq isə Kreml üçün daha çevik manevr imkanları yaradır.
Putinin açıqlamalarında Donald Trampa yönəlik xüsusi mesajların olduğu da hiss olunur. “Razılaşma mümkündür” fikri faktiki olaraq “mənim şərtlərimlə mümkündür” alt-mətnini daşıyır. Bu, açıq şantajdan çox, psixoloji və siyasi təzyiq formasıdır. Putin Trampın özünü “münaqişələri həll edən lider” kimi təqdim etmək istəyindən istifadə etməyə çalışır və bu zəif nöqtəyə oynayır.
Bununla belə, Florida görüşündən sonra Ukrayna üzrə real və fundamental dəyişikliklərə işarə edən konkret addımlar müşahidə olunmur. Nə təhlükəsizlik zəmanətləri, nə də ərazi və suverenlik məsələləri üzrə aydın mexanizmlər ortaya qoyulub. Mövcud mərhələ daha çox tərəflərin bir-birinin mövqelərini yoxladığı, informasiya üstünlüyü qazanmağa çalışdığı və gələcək danışıqlar üçün əlverişli mövqe tutmağa cəhd etdiyi bir mərhələ təsiri bağışlayır.
Ümumilikdə, son Florida görüşü sülhə doğru qəti dönüş nöqtəsi yox, siyasi siqnalların ötürüldüyü və güc balansının nümayiş etdirildiyi bir mərhələ kimi qiymətləndirilə bilər. Putinin prosesdə fəal və dominant görünməsi onun danışıqlara tam nəzarət etdiyini yox, bu nəzarət illüziyasını yaratmaq istədiyini göstərir. Real nəticələrin olub-olmayacağı isə yalnız ritorikadan yox, növbəti mərhələdə atılacaq konkret addımlardan asılı olacaq.
Akif NƏSİRLİ