Əli Orucov: “Qərb Talibanı tanımadığı üçün Əfqanıstana təzyiq edə bilmir”
Rusiya keçmiş Sovet respublikaları olan Orta Asiya və Əfqanıstana mayeləşdirilmiş neft qazı (LPG) ixracını təxminən ikiqat artırıb. Reuters agentliyinin sənaye mənbələrinə istinadən verdiyi məlumata görə, 2025-ci ilin yanvar-noyabr ayları arasında Rusiyanın regiona LPG (Mayeləşdirilmiş Neft Qazı) ixracı ümumilikdə 1,01 milyon tondan çox olub.
Rusiya, Ukraynadakı müharibə səbəbindən, 2024-cü ilin dekabrında Rusiyadan bu yanacağın idxalına məhdudiyyətlər tətbiq edən Avropadan LPG (propan və butan) tədarükünün istiqamətini dəyişdirmək məcburiyyətində qaldı. Treyderlərin sözlərinə görə, Əfqanıstana, eləcə də Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistana çatdırılmalar hazırda Rusiyanın ümumi mayeləşdirilmiş neft qazı ixracatının təxminən 36%-ni təşkil edir ki, bu da 2024-cü ildəki 19%-dən çoxdur. Əfqanıstan regionda Rusiya mayeləşdirilmiş qazının ən böyük alıcısıdır.
Maraqlıdır, Qərb Rusiyanın Əfqanıstana maye qaz ixracını niyə görməzdən gəlir? Nə əcəb bununla bağlı Əfqanıstana sanksiyalar tətbiq edilmir? Çünki Qərb Avropa ölkələrini, Türkiyəni Rusiya qazından imtina etməyə çalışdığı halda, Əfqanıstanın bu hərəkətinə hansısa reaksiya yoxdur. Niyə?
“Məsələnin digər səbəbi onunla bağlıdır ki, bu ölkə çox yoxsul ölkədir”
Sözügedən məsələyə aydınlıq gətirən AMİP funksioneri Əli Orucov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Əfqanıstanla bağlı məsələ fərqlidir: “Əvvəla, 2021-ci ildə Əfqanıstanda Taliban rejimi qurulandan sonra bu ölkə təcrid vəziyyətindədir. Bir neçə ölkəni çıxmaq şərti ilə əksər dövlətlərin, xüsusən də Avropa ölkələrinin Əfqanıstanla əlaqələri yoxdur. Məsələ ondadır ki, Qərb Talibanın legitimliyini tanımır. Əfqanıdstanla əlaqələri olan böyük ölkələr Çinlə Rusiyadır. Bir müddət əvvəl Hindistan da Talibanla əlaqələr qurub. Xüsusən Çin Əfqanıstanda bir sıra layihələr həyata keçirir, bu ölkənin zəngin minerallarını hasil edir. Qərb Talibanı tanımadığı üçün Əfqanıstana təzyiq edə bilmir. Əsasən buna görə Rusiyanın maye qaz ixracını görməzdən gəlirlər. Məsələnin digər səbəbi onunla bağlıdır ki, Əfqanıstan çox yoxsul ölkədir. Sənaye ölkəsi deyil ki, Rusiyadan böyük həcmdə qaz idxal edib bu ölkəyə xeyir versin. Son dövrlər Əfqanıstanda humanitar vəziyyət daha da ağırlaşıb. Bu ölkəyə edilən yardımlar da çox aşağı səviyyədədir. Bir müddət əvvəl BMT donor ölkələrə bununla bağlı çağırış etsə də, bunun bir faydası olmadı. Hesab edirəm ki, bu səbəblərə görə Rusiyanın Əfqanıstana artan qaz ixracı Qərbi narahat etmir”.
Vidadi ORDAHALLI