Bəhruz Quliyev: “Zəngəzur dəhlizi şəxslərin deyil, regionun gələcəyinə xidmət edən strateji xətt kimi tarixə düşəcək"
ABŞ prezidenti Donald Trampa federal binaların, torpaqların və ya digər obyektlərin adının dəyişdirilməsi qadağan edilə bilər. Demokrat Aprel Makkleyn Delaney Konqresə bu barədə iki qanun layihəsi təqdim edib. Kennedi Mərkəzini qoruyacaq birinci qanun layihəsi Himayəçilər Şurasından Trampın adını bütün lövhələrdən silməyi və ad dəyişmə qərarını ləğv etməyi tələb edəcək.
Maraqlıdır, konqresmenlər Zəngəzur dəhlizinin “Tramp dəhlizi” adlandırılmasına etiraz edə bilərmi? Məlumdur ki, D.Tramp Zəngəzur dəhlizinin “Tramp dəhlizi” adlandırılmasını istəmişdi.
“ABŞ Konqresində Trampın adının federal obyektlərdə istifadəsinə qarşı irəli sürülən qanun layihələri Amerikanın daxili siyasətidir, bu prosesin "Tramp dəhlizi" adlanan Zəngəzur dəhlizi ilə heç bir əlaqəsi yoxdur”
Mövzu ilə bağlı fikir bildirən “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ABŞ Konqresində Donald Trampın adının federal obyektlərdə istifadəsinə qarşı irəli sürülən qanun layihələri Amerikanın daxili siyasi mübarizəsinin tərkib hissəsidir: “Bu prosesin "Tramp dəhlizi" adlanan Zəngəzur dəhlizi ilə hüquqi və siyasi baxımdan heç bir əlaqəsi yoxdur. Məlumat üçün deyim ki, Zəngəzur dəhlizi ABŞ ərazisi deyil və onun adlandırılması Vaşinqtondakı qanunverici orqanın səlahiyyətinə daxil deyil. Bu, Cənubi Qafqaz regionunda yerləşən, Azərbaycan və region ölkələrinin suveren qərarları, beynəlxalq razılaşmalar və real geosiyasi maraqlar çərçivəsində formalaşan strateji nəqliyyat layihəsidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, belə bir layihənin hansısa xarici siyasi fiqurun adı ilə bağlanması daha çox isti münasibəti simvolizə edən ritorikadır və üç tərəfin razılığı ilə baş tutub: “Hesab edirəm ki, Zəngəzur dəhlizi şəxslərin deyil, regionun gələcəyinə xidmət edən strateji xətt kimi tarixə düşəcək".
Günel CƏLİLOVA