Tural İsmayılov: "Putinin Ukraynada hərbi əməliyyatların dayandırılması üçün irəli sürdüyü şərt əslində real sülhə deyil, status-kvonun Rusiyanın xeyrinə rəsmiləşdirilməsinə hesablanıb"
“Moskovskiy Komsomolets" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna qoşunları mövqelərindən çəkildikdə hərbi əməliyyatların dayandırılacağını bildirib.
O əlavə edib ki, əgər Ukrayna Silahlı Qüvvələri “işğal etdiyi” ərazilərdən çəkilməsə, Rusiya buna güc yolu ilə nail olacaq.
Putin bununla Ukraynada hərbi əməliyyatların dayandırılması şərtini açıqlayıb, bilə-bilə ki, Ukrayna bu şərti qəbul etməyəcək, yəni öz torpaqlarını Rusiyanın torpağı kimi tanımayacaq.
Bəs niyə bu şərti qoyur, məqsəd nədən ibarətdir?
"Moskvanın bu şərti səsləndirməsi təsadüfi deyil və bir neçə strateji məqsədə xidmət edir"
Politoloq Tural İsmayılov baki-xeber.com-a "Putinin Ukraynada hərbi əməliyyatların dayandırılması üçün irəli sürdüyü şərt əslində real sülhə deyil, status-kvonun Rusiyanın xeyrinə rəsmiləşdirilməsinə hesablanıb. Kremlin yaxşı bildiyi bir həqiqət var: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın torpağı kimi tanımayacaq, bunu nə hüquqi, nə siyasi, nə də ictimai baxımdan qəbul edə bilməz. Buna baxmayaraq, Moskvanın bu şərti səsləndirməsi təsadüfi deyil və bir neçə strateji məqsədə xidmət edir"-deyə bildirdi.
T. İsmayılovun fikrincə, birincisi, Rusiya beynəlxalq ictimaiyyət qarşısında “sülh istəyən tərəf” görüntüsü yaratmağa çalışır və məsuliyyəti birbaşa Kiyevin üzərinə atmaq istəyir. "İkincisi, bu tip bəyanatlar Qərbdə Ukraynaya dəstək verən dairələr arasında tərəddüd yaratmaq, müharibə yorğunluğunu artırmaq və diplomatik təzyiqləri zəiflətmək məqsədi daşıyır. Üçüncüsü isə, Moskva faktiki nəzarət etdiyi ərazilərin zamanla “mübahisəli deyil, qəbul edilmiş reallıq” kimi qəbul olunacağına ümid edir. Putinin bu şərti irəli sürməsi daha çox danışıqlara yox, vaxt udmağa, cəbhədə mövqeləri möhkəmləndirməyə və siyasi manevr imkanlarını genişləndirməyə hesablanıb. Burada sülh ritorikası hərbi-strateji hesablamaların üzərində qurulub. Rusiya üçün bu mərhələdə əsas məqsəd müharibəni bitirməkdən çox, onu öz xeyrinə dondurmaqdır. Ukrayna isə belə bir şərti qəbul etsəydi, bu artıq sülh yox, açıq siyasi güzəşt və suverenliyin məhdudlaşdırılması anlamına gələrdi. Məhz bu səbəbdən Putinin təklifi real kompromis deyil, daha çox beynəlxalq auditoriya üçün hesablanmış siyasi mesaj xarakteri daşıyır. Bir sözlə, Moskva "sülh" dilində danışır, amma mətn hələ də güc balansı üzərində yazılır"-deyə T. İsmayılov bildirdi.
İradə SARIYEVA