Maltanın “The Malta Herald” nəşrində dərc edilən məqaləyə görə, Adnan Əhmədzadə 1998–2023-cü illər ərzində, yəni 25 il SOCAR-da müxtəlif vəzifələrdə çalışıb. Karyerasının son illərində o, şirkətin investisiya və satış işlərinə rəhbərlik edib.
Lakin nəşrin iddiasına görə, Adnan Əhmədzadə formal olaraq SOCAR-dan ayrılsa da, Azərbaycan neftinin beynəlxalq daşımaları və satışı prosesində həlledici rol oynamağa davam edib. Başqa sözlə, o, qeyri-rəsmi şəkildə Azərbaycan neftinin satışında iştirak edib.
Məqalədə qeyd olunur ki, Adnan Əhmədzadə SOCAR-ın keçmiş baş treyderlərindən biri kimi Azərbaycanda neft dələduzluğu (oil fraud) və saxta sertifikatlarla Rusiya mənşəli neftin qeyri-şəffaf yollarla satılması ittihamları ilə həbs olunub.
“Azeri Light” neftində qarışıqlar və çirklənmə iddiaları
Məqalədə vurğulanır ki, Adnan Əhmədzadə Azərbaycanın “Azeri Light” markalı xam neftini digər neft məhsulları ilə qarışdıraraq saflığını məqsədli şəkildə pozub. Bu iddialar SOCAR və Azərbaycanın enerji sektorunda ciddi narahatlığa səbəb olub.
Həmçinin bir ay öncə yayılan məlumatda “BP” şirkətinin Azərbaycandan Avropa ölkələrinə nəql edilən bəzi neft partiyalarında çirklənmə aşkarlandığı bildirilmişdi. “Bloomberg” agentliyinə verilən məlumatda, bu partiyalarda orqanik xlorid maddəsinin mövcud olduğu qeyd olunmuşdu. “Azeri Light” yüngül neft olduğundan, normal halda onun tərkibində kükürd və xlorid olmamalıdır. Xlorid isə əsasən Rusiyanın Sibir və Urals markalı neftində müşahidə olunur. Bu da sübut edir ki, Azərbaycan nefti Rusiya nefti ilə qarışdırılaraq tərəfdaşlara göndərilib.
Səbail Rayon Məhkəməsi Adnan Əhmədzadə üçün 4 aylıq həbs-qətiimkan tədbiri qərarı çıxarıb. İttihamlar arasında iqtisadi təhlükəsizliyin pozulması, dövlət resurslarının mənimsənilməsi və subversiv fəaliyyət göstərmək də var.
Akif NƏSİRLİ