Vüqar Bayramov: “Bu tip layihələrdə Avropa İtifaqı, eləcə də Avropanı təmsil edən şirkətlərin iştirakı məqsədəuyğundur...”
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nyu-Yorkda “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda 6-cı Xəzər Biznes Forumunda çıxışı zamanı mühüm fikirlər səsələndirib. Prezidentin köməkçisi bildirib ki, Orta Dəhliz üzrə 50 milyon tondan çox yük artımı gözlənilir.
Onun sözlərinə görə, bu məqsədlə Azərbaycan əlavə investisiyalar yatırır: “Bakı Limanı ildə 25 milyon ton yükötürmə qabiliyyətinə malikdir və bu imkanların genişləndirilməsi istiqamətində də işlər aparılır”.
H.Hacıyev vurğulayıb ki, 2020-ci ildən başlayaraq Bakıdan Zəngilan və Ermənistan sərhədinə qədər uzanan dəmir yolu layihəsinin icrasına start verilib və 2026-cı ilin ortalarında yekunlaşması nəzərdə tutulur: “Ermənistan ərazisində yerləşən 42 kilometrlik Zəngəzur hissəsində də işlər aparılır və burada ABŞ-dan olan tərəfdaşlarımız iştirak edir. Üçüncü seqment isə Naxçıvanı əhatə edir. Bu sahədə də əlavə sərmayələr yatırılır və biz, Avropa ölkələri də daxil olmaqla, digər beynəlxalq tərəfdaşları əməkdaşlığa dəvət edirik. Əsas məqsəd Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdir”.
Hikmət Hacıyev bildirib ki, Zəngəzur dəhlizinin (Tramp yolu) 3-cü seqmenti olan Naxçıvanda da işlər görülür və digər ölkələri, o cümlədən də Avropa ölkələrindəki tərəfdaşlarımızı bu məsələdə əməkdaşlığa dəvət edirik.
Bu, əslində Zəngəzur dəhlizinin Naxçıvan hissəsinin qurulması, onun üçün lazım olan infrastrukturun yaradılması prosesinə Avropa investisiyalarının cəlb olunması cəhdi kimi qəbul oluna bilərmi?
Əslində bu əhəmiyyətli bir məsələdir. Çünki Zəngəzur dəhlizinin Füzulidən Ağbəndə, Zəngilana olan hissəsini artıq Azərbaycan tikir, Ermənistan hissəsinə də ABŞ şirkətləri gəlib. Naxçıvan seqmentində isə bir az boşluq var. Bu, əslində əhəmiyyətli 3-cü seqment sayılan Naxçıvanda görüləcək işlərə Avropa dövlətlərinin sərmayəsinin cəlb etmək cəhdidir və əhəmiyyətli bir məsələdir.
“Söhbət, sözsüz ki, həm texnologiya, həm sərmayə dəstəyindən gedir”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə bildirdi ki, Zəngəzur dəhlizinin Azərbaycanın əsas ərazisində olan işləri intensiv şəkildə həyata keçirilir: “Artıq praktik olaraq avtomobil yolu ilə bağlı işlər tamamlanmaq üzrədir, dəmir yolunun növbəti il tamamlanacağı gözlənilir. Bu isə ondan xəbər verir ki, Azərbaycanın əsas hissəsində Zəngəzur dəhlizinin qurulması növbəti il artıq başa çatır. Nəzərə alsaq ki, Ermənistan ərazisindən keçən hissə TRIPP (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”) olaraq adlandırılıb, gözlənilir ki, dəhliz ABŞ tərəfindən 99 il müddətinə icarəyə götürüləcək. Sözsüz, gözləntilər ondan ibarətdir ki, ABŞ şirkətləri məhz həmin ərazidə infrastrukturun qurulmasında iştirak edəcəklər. Digər məqam Naxçıvanın Ermənistanla sərhədindən Türkiyə sərhədinə qədər olan hissənin qurulmasıdır. Naxçıvan-İğdır dəmir yollu xətti çəkilir. Amma eyni zamanda Naxçıvan şəhərinə qədərki hissənin də qurulması vacibdir. Bu istiqamətdə, təbii ki, inkişaf etmiş ölkələr, eləcə də Avropa İttifaqı ilə əməkdaşlıq önəmlidir. Ümumiyyətlə, Azərbaycan dəhlizlərin genişləndirilməsində inkişaf etmiş ölkələrlə əməkdaşlıqda maraqlıdır. Söhbət, sözsüz ki, həm texnologiya, həm sərmayə dəstəyindən gedir, eyni zamanda da bu, prosesin daha tez bir zamanda həyata keçirilməsinə gətirib çıxara bilər. O baxımdan, son dövrlərin təhlilləri, eyni zamanda da ABŞ-la Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlığa çevrilməsi, Avropa İttifaqı ilə əlaqələrimizin daha da yaxşılaşdırılması ondan xəbər verir ki, bu tip layihələrdə Avropa İtifaqı, eləcə də Avropanı təmsil edən şirkətlərin iştirakı məqsədəuyğundur, məqbuldur, hətta mümkündür”. V.Bayramov qeyd etdi ki, ona görə də Azərbaycan bu istiqamətdə danışıqlar aparmaqla eyni zamanda regional dəhlizlərin genişləndirilməsində həm də birgə fəaliyyət həyata keçirmək niyyətini nümayiş etdirmiş olur.
İradə SARIYEVA