Əli Mustafa: “Bu, Avroittifaqın Cənubi Qafqaz ölkələrinə münasibətdə ayrıseçkilik etməsinin əyani göstəricisidir”
Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos bəyan edib ki, Brüssel Dayanıqlılıq və İnkişaf Planı çərçivəsində Ermənistana 200 milyon avro qrant ayırıb. Kos 2021-ci ildən Ermənistana artıq 2,5 milyard avro ayrıldığını da bildirib və əlavə edib ki, Aİ Cənubi Qafqaz vasitəsilə Avropanı Mərkəzi Asiya ilə birləşdirən beynəlxalq və regionlararası əlaqə gündəliyinin hazırlanması üzərində fəal işləyir.
O, eyni zamanda, Aİ-nin Azərbaycanda humanitar minatəmizləmə sahəsində dəstəyini davam etdirəcəyini təsdiqləyib: “Aİ və onun üzv dövlətləri “Team Europe” təşəbbüsü çərçivəsində 23 milyon avroya qədər vəsait ayırır”.
Göründüyü kimi, Avroittifaqın ölkəmizə növbəti ədalətsiz yanaşması bir daha özünü göstərdi. Azərbaycana 23 milyon, Ermənistana isə 200 milyon avro yardım. Halbuki, Azərbaycan əraziləri işğal altında olub və dağıntıya məruz qalıb.
“İşğala məruz qalan, yaşayış məntəqələri dağıdılan, əraziləri mina ilə çirkləndirilən Azərbaycana 23 milyon yardım çox cüzidir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi şərhçi Əli Mustafanın fikrincə, Aİ-nin bu yanaşması tamamilə ədalətsizdir: “Bu, Avroittifaqın Cənubi Qafqaz ölkələrinə münasibətdə ayrı-seçkilik etməsinin əyani göstəricisidir. Rəqəmlər arasında kəskin fərq bunu ortaya qoyur. İşğala məruz qalan, yaşayış məntəqələri dağıdılan, əraziləri mina ilə çirkləndirilən Azərbaycana 23 milyon yardım çox cüzidir. Çünki erməni işğalçıları yüz minlərlə mina basdırıb. Həmin minaların təmizlənməsinə həm böyük vaxt lazımdır, həm də böyük vəsait. Bununla belə, Azərbaycana ayrılan vəsait Ermənistana ayrılan vəsaitdən 10 dəfə azdır. Halbuki, Azərbaycanın 900-dən çox kənd və şəhəri ermənilər tərəfindən dağıdılıb. Zərər çəkən tərəf Azərbaycan olub. Ona görə ki, bizim ərazilər dağıdılıb viran qoyulub. Bu, həm də xristian təəssübkeşliyindən irəli gəlir. Yəni Avropanın “ədaləti” budur. İşğalçıya 200 milyon ayırır, işğala məruz qalan tərəfə 23 milyon. Əlbəttə ki, bu haqsızlıqdır və qeyri-adekvat münasibətin göstəricisidir. Təəssüf ki, demokratiyadan, ali dəyərlərdən danışan Aİ-nin timsalında belə ədalətsizlik görürük. Bu, ayrıseçkiliyin və ədalətsizliyin bir nümunəsidir. Bütün bunlar bir daha bizim yalnız öz gücümüzə güvənməli olduğumuz reallığını ortaya qoyur”.
Vidadi ORDAHALLI