Rusiya hava limanlarındakı xaos Putini qəzəbləndirdi - 300-ə yaxın uçuşun dayandırılması nazirin başında çatladı…

Rusiyada hava limanlarını iflic edən dron hücumları və bir sıra təhlükəsizlik qalmaqalları Putinin səbrini daşırıb. Putin ölkənin aviasiya və dəniz sektorunda bir sıra ciddi pozuntulara görə nəqliyyat naziri Roman Starovoiti vəzifəsindən azad edib.
Qərar iyulun 7-də Rusiyanın hüquqi informasiya portalında dərc edilib. Ancaq işdən çıxarılmanın rəsmi səbəbi açıqlanmayıb. Bununla belə, Starovoitin vəzifədən uzaqlaşdırılması Ukraynanın pilotsuz təyyarələrinin hücumları səbəbindən iyulun 5-6-da Rusiyanın əsas hava limanlarında 300-ə yaxın uçuşun dayandırılmasından sonra baş verir.
Bundan başqa, iyulun 6-da Leninqrad vilayətinin Ust-Luqa limanında Eco Wizard tankerində baş verən partlayış ammonyak sızmasına səbəb olub. Rusiya rəsmiləri sızıntının “kiçik” olduğunu bildirsə də, Kreml tərəfdarı Telegram Baza kanalı partlayışdan əvvəl səbəbi bilinməyən güclü partlayış səsinin eşidildiyini bildirib.
Eco Wizard tankerinin Rusiyanın neft və kimyəvi ixracına dair beynəlxalq sanksiyalardan yan keçmək üçün istifadə edilən “kölgə donanmasının” bir hissəsi olduğu güman edilir. 2025-ci ilin əvvəlindən Rusiya limanlarında baş verən partlayışlarda 5 tanker zədələnib.
Ukraynanın Rusiyada mülki uçuşları pozan pilotsuz təyyarələrlə hücumu, cəbhə xəttindən kənarda Rusiya logistikasını zəiflədən daha geniş strategiyanın bir hissəsi kimi dəyərləndirilir.
TAHİR